Bakıda tanınmış həkim barəsində cinayət işi başlanılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, "Elmed Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
O, "Elmed Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.
Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Elmed Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.
H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.