Unikal.org xəbər verir ki, iclasda RRB Rabitə Administrasiyalarının nümayəndə heyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də RRB İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə olunub.
Tədbirdə RRB-nin tamhüquqlu üzvlərinin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və RRB müşahidəçiləri - Latviya və Sloveniya rabitə administrasiyalarının, "İntersputnik Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də, EUTELSAT Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib.
İclasa RRB Şurası və Koordinasiya Şurasının sədri, Rusiya Federasiyasının Rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ötən iclasda Azərbaycan tərəfinin Bakıda növbədənkar iclasın keçirilməsi təklifini dəstəklədiklərinə görə RRB-nin üzv dövlətlərinə təşəkkürünü bildirib.
"Bugünki iclasda əsas müzakirə edəcəyimiz məsələlərdən biri 29 oktyabr - 16 noyabr tarixlərində Dubayda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının yekunlarıdır. Bu hadisə təmsil olunduğumuz sektor üçün çox vacibdir və məhz bu səbəbdən biz bu cür təcili iclasın keçirilməsini zəruri saydıq, - deyə nazir bildirib.
R.Quluzadə RRB-yə daxil olan administrasiyaların Səlahiyyətli Konfransda səmərəli birgə fəaliyyətini, eyni zamanda RRB-nin İcraiyyə Komitəsinin onların fəaliyyətinin əlaqələndirilməsi üzrə işini yüksək qiymətləndirib.
"Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını seçkilərdə qazandığı gözəl nəticələr münasibəti ilə təbrik edirəm. Eyni zamanda Azərbaycan Respublikasının BTİ-nin Şurasına yenidən seçilməsini dəstəkləyən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Nəticədə Azərbaycan, Rusiya kimi, Regional Rabitə Birliyinin tarixində ardıcıl olaraq inkinci dəfə BTİ Şurasına üzv seçilən ölkə oldu. Bizim rabitə administrasiyamızın nüməyəndəsinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçilməsi də yüksək nailiyyətdir, - deyə nazir vurğulayıb.
R.Quluzadə seçkilər zamanı Azərbaycanın ədalətli və layiqli təşviqat kampaniyası apardığını qeyd edib. "Biz birlikdə Şurada təmsilçiliyimizi gücləndirməyə çalışırdıq. Qazanılan nəticə bizim RRB-də birgə fəaliyyətimizin bəhrəsidir. Bugünki iclasda bizim RRB çərşivəsində birgə fəaliyyətimizə aid olan digər məsələlər də müzakirə olunacaq. Əminəm ki, iclasda qəbul ediləcək qərarlar rabitə administrasiyalarımız arasında faydalı əməkdaşlığı daha da genişləndirəcək, - deyən nazir iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayib.
İclas iştirakçıları RRB nümayəndə heyətlərinin BTİ Səlahiyyətli Konfransında işini yüksək qiymərləndirib. Bildirilib ki, BTİ katibliyi 29 təklif əsasında builki Səlahiyyətli Konfransda baxılmaq üçün 35 sənəd tərtib edib.
Məlumat verilib ki, RRB tərəfindən Səlahiyyətli Konfransın ilk plenar iclasında BTİ-nin 2020-2023-cü illər üçün strateji və maliyyə planlarının hazırlanması üzrə ümumi təklifindən biri təsdiq edilib.
İclasda müzakirə edilən digər vacib məsələ RRB iştirakçı ölkələrində rəqəmli inkişaf ilə əlaqədar olub. Bu məsələ ilə bağlı fikir mübadiləsi prosesində iştirakçılar rəqəmli inkişafla bağlı prioritet vəzifələri və həll yollarını müzakirə edib.
Paneldə çıxış edən Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda rəqəmli iqtisadiyyatın formalaşdırılması üzrə vəzifələr 2014-cü ildə qəbul edilən informasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiyada, eləcə də 2016-cı ildə qəbul edilən və iqtisadiyyatın bütün sektorlarını əhatə edən 12 "Yol xəritəsində əks olunub. Nazir müavini qeyd edib ki, hər sahə üzrə "Yol xəritəsində İKT-nin tətbiqinə və istifadəsinə həsr edilən xüsusi bölmələr yer alıb.
"Bundan başqa, rəqəmli hökumətə keçid üzrə Fəaliyyət planı hazırlanır. Həmçinin ölkədə innovativ iqtisadiyyatın inkişafı prioritetdir. Lazımi infrastruktur formalaşdırılır və innovativ inkişafın qanunvericilik əsasları hazırlanır. Qanunvericilikdə innovativ inkişaf üçün müəyyən güzəştlər nəzərdə tutulub və növbəti ildən etibarən bu şərtlər daha da yaxşılaşdırılacaq. Kiçik və orta biznes müəssisələri, xarici investisiyaların cəlb edilməsi, ölkədə İKT məhsullarının istehsalının genişləndirilməsi, yeni şirkətlərin və startapların fəaliyyətinin təşkili üçün maliyyə və təşkilati dəstək mexanizmləri nəzərdə tutulub. Bu sahibkarlıq subyektlərinə biznesin yaradılması, inkişafı və rəqabətqabiliyyətli xidmətlərin göstərilməsi və ya məhsulların istehsalı, onların beynəlxalq bazarlara çıxarılması üçün güzəştli kreditlər və qrantlar verilir.
Nazir müavini həmçinin bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ixtisaslaşmış İnnovasiyalar Agentliyi yaradılıb. Agentlik ölkədə innovativ fəaliyyətini dəstəkləməklə yanaşı, sahəni inkişaf etdirərək biznes subyektləri üçün maliyyə mexanizmləri tətbiq edəcək, innovativ fəaliyyəti təşviq edəcək.
Daha sonra, informasiya cəmiyyətinin inkişafı üzrə Azərbaycan rabitə administrasiyası tərəfindən hazırlanan RRB iştirakçı ölkələrində rəqəmli bazarın inkişafı üzrə göstəricilərin hesablanması metodikası nəzərdən keçirilib.
İclas iştirakçılarının müzakirə etdiyi növbəti mühüm məsələ RRB iştirakçı ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi olub.
Həmçinin 17 yanvar 1997-ci il tarixli "Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında Sazişə düzəlişlərin edilməsi ilə bağlı məsələyə də baxılıb.
Məlumat üçün bildirək ki, MDB hökumət başçılarının cari ilin noyabrın 2-də Astanada keçirilən iclasında "Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında Sazişə düzəlişlər haqqında Protokol imzalanıb.
İclasda həmçinin RRB iştirakçı ölkələrində informasiya cəmiyyətinin inkişafına xidmət məqsədilə ilə mövcud olan Yüksək səviyyəli işçi qrupun əsasnaməsinə düzəlişlər edilib. İşçi qrupun sədrinin daimi əsaslarla fəaliyyəti Əsasnamədə təsbit olunub. Şuranın qərarına əsasən Azərbaycan nümayəndəsi Elmir Vəlizadə işçi qrupun sədri təyin edilib.
Tədbirin sonunda BTİ-nin Səlahiyyətli Konfransının işində fəal iştirak etmiş şəxslər orden və medallarla, həmçinin fəxri fərmanlarla təltif olunub. Təltif olunan sırasında əsasən Azərbaycan və Rusiya nümayəndələri, həmçinin digər Administrasiyaların və İcrayyə Komitəsinin təmsilçiləri olub.
Azərbaycan naziri Ramin Quluzadə və Rusiya naziri Konstantin Noskov RRB-nin ordeni ilə təltif edilib.