Cari ilin iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkə elektrik enerjisi sistemi üzrə "itirilmiş generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə "Azərenerji ASC tərəfindən enerji sistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq Prezident İlham Əliyevə təqdim edilən "Reabilitasiya proqramı əsasında artıq ciddi nəticələr əldə olunub.
ASC-dən Unikal.org-a verilən məlumata görə, 780 MVt layihə gücündə olan "Cənub ES-in qaz turbinlərini yüksək təzyiqli qaz yanacağı ilə təmin edən qaz kompressorları qeyri-stabil işlədiyinə görə elektrik stansiya 260 MVt yük məhdudiyyəti ilə istismar edildiyi halda, stansiyanın qaz kompressorlarında olan nöqsanların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib əsaslı təmir işləri aparılıb. Təmir zamanı qaz turbininin 3 pilləsinin istiqamətləndirici işçi kürəkləri, pillələrin kipləndirici hissələri, odluqlarda olan bütün elementlər yenisi ilə əvəz edilib və rekonstruksiya olunub. Görülən işlər nəticəsində stansiyanın yükü 520 MVt-dan 700 MVt-a qaldırılmaqla 180 MVt itirilmiş güc bərpa edilib.
Müqayisə üçün qeyd edək ki, 180 MVt güc orta hesabla 5 rayonun elektrik enerji tələbatı miqyasındadır. "Cənub ES-də aparılan planlı təmir işləri davam etməkdədir və yaxın zamanlarda yük məhdudiyyətinin tam aradan qaldırılması mümkün olacaq.
"Şimal ES-də analoji olaraq təmir və bərpa işləri nəticəsində stansiyanın gücü 350 MVt-dan 370 MVt-a yüksəldilib. Eyni zamanda, "Şimal ES-dən Abşeron regionunun enerji təminatını təmin edən elektrik verilişi xətlərində profilaktik təmir işləri aparılıb, stansiyanın təsirlənmə sistemində olan qüsur ABB şirkətinin nümayəndələrinin iştirakı ilə həll edilib, nəticədə 20 MVt güc məhdudiyyəti aradan qaldırılıb.
"Bakı ES-də yarımstansiyadan çıxan 110 kV-luq 3-cü və 4-cü "8 km elektrik verilişi hava xətlərinin 2,1 km-lik hissəsindəki naqillərin en kəsiyi böyük olan naqillərlə əvəz edilməsi nəticəsində xətlərin yük buraxma qabiliyyəti artırılıb və bununla da "Bakı ESdə 10 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Nəticədə, stansiyanın yükü 80 MVt-dan 90 MVt-a çatdırılıb.
Hal-hazırda enerjisistem üzrə generasiya güclərinin, ötürücü şəbəkələrin, rele mühafizəsi və əks qəza avtomatikasının etibarlılığının artırılması, itirilmiş güclərin bərpa edilməsi istiqamətində "Reabilitasiya proqramı əsasında yenidənqurma işləri davam etdirilir.