Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı öz işinə başlayıb.
Unikal.org xəbər verir ki, qurultayda 132 ölkədən 1200-dən artıq nümayəndə iştirak edir. Qurultayın açılışı günü çıxış edən Danimarkanın baş naziri Lars Lekke Rasmussen, Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Rayder, Kopenhagen şəhərinin lord-meri Frank Censen, Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının sədri Lizette Risqord, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Antonio Felisio nümayəndələri salamlayıblar və qurultayın işinə uğurlar arzulayıblar.
Dekabrın 7-dək davam edəcək qurultayda AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.
Dekabrın 4-də Azərbaycan nümayəndə heyətinin rəhbəri S. Möhbalıyev qurultay nümayəndələri qarşısında çıxış edib. Azərbaycan həmkarlar ittifaqları adından qurultay iştirakçılarını salamlayan AHİK sədri qeyd edib ki, BHİK-in IV qurultayı beynəlxalq həmkarlar ittifaqı hərəkatı üçün önəmli bir ərəfədə, ilk milli həmkarlar ittifaqının 150, insan hüquqlarının ümumi bəyannaməsinin 70 illiyinin qeyd olunduğu bir vaxtda keçiriir. Bu baxımdan bizim üzərimizə əməkçi insanların sosial-əmək hüquqlarının müdafiəsi sahəsindəki işimizi daha da gücləndirmək və onu vaxtaşırı inkişaf etdirmək düşür.
"Biz bu ilin fevral ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayını keçirdik və konfederasiyamızın qurulmasının 25 illiyini də təntənəli şəkildə qeyd etdik. Bu tədbirlərdə BHİK-in Prezidenti Joao Antonio Felisionun şəxsən iştirak etməsini Azərbaycan həmkarlar ittifaqlarına göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk və ona bir daha təşəkkür edirik.
BHİK-in IV Qurultayının əsas mövzusu Â«İşçilərin potensialının formalaşdırılması: Qaydaların dəyişilməsi» bizim region və respublikamız üçün də aktualdır. Azərbaycanda işçilərin sosial-rifahının yüksəldilməsi, sosial müdafiəsinin təşkili sahəsində atılan addımlar bu sahədə müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri qurultay iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın son dövrlər əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. Keçən ilin yekunlarına görə, respublikamızda əhalinin gəlirləri 8,3%, işçilərin orta aylıq əməkhaqqı isə 5,7% artıb. Son 15 il ərzində ölkədə 1.900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.
Respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya Bankının «Doing Business 2019» hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.
Məlumdur ki, işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edən səbəblərdən biri həmkarlar ittifaqı üzvlərinin hüquqi müdafiəsidir, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın keyfiyyəti əsasən işçinin hüquqi müdafiəsinin səviyyəsindən asılıdır. Qeyd etmək istərdim ki, BHİK-in baş katibi Şaron Barou III qurultayda növbəti dörd il ərzində üzvlərin sayının 20 milyon nəfər artırılacağının qarşıya məqsəd qoyulduğunu bildirmişdi. AHİK öz növbəsində bu şüarı dəstəkləyərək ötən dövr ərzində sıralarına 56571 nəfər yeni üzv birləşdirməyə müvəffəq olub. Biz ölkə qanunvericiliyinin və BƏT-in konvensiyalarının verdiyi imkanlar çərçivəsində həmkarlar ittifaqlarının bütün üzvlərinin müraciətlərinə operativ reaksiya verir, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının qorunması və bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.
S.Möhbalıyev deyib ki, respublikamızda «2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» qəbul edilərkən gender və gənclər siyasətinin inkişafı, qeyri-rəsmi iqtisadiyyatla mübarizə, gənclərin məşğulluğu, üçtərəfli dialoqun təkmilləşdirilməsi məsələlərinə dair təkliflərimiz nəzərə alınıb. AHİK ölkə proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün öz Konsepsiyasını qəbul edib ki, burada da inklüziv məşğulluğu genişləndirmək, iqtisadiyyatı aktivləşdirmək, ölkədə qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq tədbirlərinin həyata keçirilməsi öz əksini tapıbdır. Bu gün Azərbaycan həmkarlar ittifaqları BMT-nin «Dayanıqlı inkişafın məqsədləri» proqramında irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün özünün bütün imkanlarından istifadə etməyə çalışır. Biz bu vəzifələrin həyata keçirilməsini texniki inqilabın nailiyyətlərindən istifadə olunmasında və hökumətin qərarlarının insanların rifahının yaxşılaşdırılmasına yönəldilməsində görürük.
Gündəmdə olan digər bir vacib məsələ də əməyin gələcək sferasıdır. Bu gündən biz qarşılaşacağımız halları dəyərləndirməliyik. Hesab edirəm ki, gözlənilən proseslər əmək münasibətlərinin forma və xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər. Biz, həmkarlar ittifaqı olaraq, vaxtında bu məsələyə hazır olmalıyıq.
Təəssüflə deməliyəm ki, bu gün bir sıra ölkələrdə hökumətlər və biznes imperiyası böhrandan çıxmaq adı altında əmək münasibətlərinin formasını dəyişməyə və həmkarlar ittifaqlarının muzdlu işçilərin müdafiəsinin təşkilinə dair son illər ərzində əldə etdiyi uğurları tamamilə heçə endirməyə cəhd göstərirlər. Bu, hər şeydən əvvəl işsizliyin artmasına və real əməkhaqqının azalmasına, qeyri-stabil məşğulluğa və işçidə özünə inamsızlığın yaranmasına şərait yaradır.
Çıxışının sonunda S. Möhbalıyev vurğulayıb ki, BHİK və onun müvafiq strukturları bu inamsızlığın aradan qaldırılması, alternativ siyasətin işlənib hazırlanması üçün müvafiq addımlar atmalıdır.
BHİK-in öz diqqətini qlobal iqtisadiyyatın əsas problemlərinə və üçtərəfli münasibətlərdə həmkarlar ittifaqlarının bərabər tərəfdaş mövqeyinin qorunub saxlanmasına yönəltməsini də vacib hesab edirəm.
BHİK, dünyanın ən iri həmkarlar ittifaqı birliyi olmaqla, həmkarlar ittifaqı üzvlərinin yalnız 10%-ə qədərinin mənafeyini müdafiə edir. Hazırda BHİK-in tərkibində olmayan nəhəng həmkarlar ittifaqı birlikləri də mövcuddur. Hesab edirəm ki, BHİK qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu qüvvələri də öz ətrafında birləşdirmək üçün səy göstərməlidir.