Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.
Unikal.org-un verdiyi xəbərə görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində yol qəzası baş verib.
Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.
Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdirib, YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.
Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.