Bu gün "Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərinin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclası keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə QDİƏT üzv dövlətlərinin müvafiq sahə üzrə rəhbərləri, beynəlxalq təşkilat və qurumların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda çıxışı zamanı bildirib ki, QDİƏT yarandığı gündən İKT sahəsi təşkilata üzv ölkələr arasında iqtisadi münasibətləri stimullaşdıra bilən prioritet istiqamət kimi müəyyənləşdirilib. "Bugünkü görüşü biz regionumuzda İKT sahəsində əməkdaşlığın nəticələrinin müzakirəsi və perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan hesab edirik. Rəqəmli texnologiyalar xüsusilə inkişaf etməkdə olan ölkələrin inkişafının sürətləndirilməsi və onların qlobal iqtisadiyyata inteqrasiyası üçün əlverişli və çevik imkanlar yaradır. Azərbaycanda yüksək texnologiyalar, o cümlədən İKT sahəsinin inkişafı ölkənin iqtisadi və hərtərəfli inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün Azərbaycanda uzunmüddətli inkişaf istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə rəqəmli iqtisadiyyatın formalaşdırılması ilə yanaşı, hazırda rəqəmli hökumətə keçid üzrə Fəaliyyət planı hazırlanır. O cümlədən, İKT infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir.
E.Vəlizadə bildirib ki, 2020-ci ilədək Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyada öz əksini tapıb. Bu sənəddə müasir stasionar və mobil rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsi, İKT-dən istifadənin artırılması, müxtəlif xidmətlərin göstərilməsi üçün internet resurslarının tutumlarının çoxaldılması, informasiya cəmiyyətinin tələbatının ödənilməsi və rəqəmli iqtisadiyyatın formalaşdırılmasına kömək nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası bu gün etibarlı və stabil tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa aktiv cəlb olunub və iri regional layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır. "Əminəm ki, bugünkü görüşdə müzakirə edilən məsələlər və onlarla bağlı qəbul edilən qərarlar gələcəkdə QDİƏT-ə üzv ölkələrdə İKT-nin inkişafına xidmət edəcək.
Daha sonra iclasda QDİƏT regionunda İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin yekunu olaraq QDİƏT regionunda İKT sahəsində əməkdaşlıq haqqında Bakı Birgə Bəyannaməsi qəbul edilib.
Eyni zamanda, nazirlər iclasından əvvəl 03 dekabr tarixində ekspertlər səviyyəsində QDİƏT-in İnformasiya və kommunikasiya texnologiyaları üzrə İşçi Qrupunun iclası keçirilib.
İşçi Qrupun iclasında 35-dək, Nazirlər iclasında isə 50-dək nümayəndə iştirak edib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən etibarən QDİƏT-in təsisçi üzvüdür. Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşən təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var.
2018-ci ilin iyulundan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan sədrlik edir.