Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı "Ümumi təhsil haqqında qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov Modern.az-a bildirib ki, orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa "Ümumi təhsil haqqında qanun layihəsindən çıxarılıb.
"Müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb. Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun layihəsində öz əksini tapacaq.
Qeyd edək ki, Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb.