Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

Bu barədə Unikal.org-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən Şeyxülislam A. Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər.

Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A. Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən Şeyxülislam A. Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqəti çəkib.

QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.

QMİ sədru insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəltmişdir.

XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən Şeyxülislam A. Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var.

Bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən Şeyxülislam A. Paşazadə bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib.

Azərbaycanın müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu vurğulayan QMİ sədri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkib. O bildirib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik Bakı prosesi məhz bu məramlara xidmət edir.

Bu ideyaları irəli sürməklə, onları təqdimat etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olananadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən Şeyxülislam A. Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini diqqətə çatdırıb.

Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqəti çəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədə müvafiq olduğunu bildirib. O xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir.

Şeyxülislam A.Paşazadə diqqətə çatdırıb ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, heç şübhəsiz ki, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və BMT-nin mötəbər beynəlxalq struktur olaraq daha da təkmilləşməsinə, onun nüfuz və dəyərinin daha da artmasına xidmət edər.