"Dövlət Gömrük Komitəsinin qarşısında gələn il üçün proqnoz tapşırıqları qoyularkən həm nəqliyyat vasitələrində, həm də bəzi mallara müəyyən aksiz dərəcələrində dəyişiklik nəzərə alınıb.
Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Caspian European Club üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılıb: "Biz də bilirik ki, gələn il üçün Dövlət Gömrük Komitəsi nəzərdə tutulan 3 mlrd. 702 mln. manat proqnozu yerinə yetirəcək. Artıq bu ildən bu proqnozun icrası ilə bağlı bütün resurslar və bütün texniki imkanlar nəzərə alınıb, tam səfərbər olunub. Bununla nağlı hesablamalar aparılıb və hökumətin büdcə sistemi haqqında qanununa uyğun olaraq büdcə layihəsi işlənərkən də DGK-nın ekspertləri, xüsusilə də Baş İdarə rəisləri orada təmsil olunublar. Bütün layihələrin işlənməsində də bizim komitənin əməkdaşları iştirak ediblər. Burada qeyri-obyektiv rəqəm görmürük.
S. Mehdiyev bildirib ki, ölkəmizdə baş verən iqtisadi inkişaf gələn il də komtənin qarşısına qoyulan proqnozun yerinə yetirilməsi üçün əsas verir: "Tticarət həcmi bu həcmdə qalarsa və bu şəkildə gedərsə, xarici ticarət fəaliyyəti iştirakçılarının hər hansı riskləri ortaya çıxmazsa, bu proqnoz önümüzdəki ildə də yerinə yetiriləcək.