Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Cihazqayırma mühəndisliyi kafedrasının təşkilatçılğı ilə "Biotibbi Texnologiyalar mühəndisliyinin problemləri və perspektivləri adlı seminar keçirilib. Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Unikal.org xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən rektor, professor Mustafa Babanlı bu cür seminarların keçirilməsinin universitet üçün əhəmiyyətini qeyd edib. Bu tip seminarlarda praktiki əhəmiyyətli mövzulara toxunulmağın vacibliyini vurğulayan rektor, prof. M.Babanlı bunun ixtisasların inkişafı üçün mühüm rol oynayacağını bildirib.
Tədbirdə iştiraka görə rektor, prof. M.Babanlıya təşəkkürünü bildirən "Cihazqayırma mühəndisliyi kafedrasının dosenti, texnika elmləri doktoru Lalə Bəkirova bu cür seminarların mütəmadi olaraq keçirilməsinin planlaşdırıldığını qeyd edib. Dosent L.Bəkirova "Tibbi Diaqnostikada biotibbi texnologiyalar mühəndisliyinin yeri və rolu mövzusunda çıxış edib.
Seminara onlayn qoşulan Fransanın Burqon Fransh-Comte universitetinin əməkdaşı, doktor Elmar Yusifli "Biotibbi cihazların düzəldilməsində elektronikanın rolu mövzusunda çıxış edib.
ADNSU məzunu olan Elmar Yusifli seminar iştirakçıları ilə fikir mübadiləsi apararaq, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Ömür klinikasının qeyri-invaziv kardiologiya mərkəzinin rəhbəri, Avropa kardiologiya cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Oruc Mehrəliyev "Kardiostandartlar və alqoritmik diaqnostika, "Biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan Rəvan Qəmbərov "Holter monitor qurğusu ilə kardioqrafik siqnallarının alınması və işlənməsi, ADNSU-nun İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Hüseyn "Ürək və damar əməliyyatında robot cərrahiyəsi üsulu (Da Vinçi qurğusu) mövzusunda çıxış edib.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.