Ermənilər Qarabağdan qaçır
13:23 15-09-2012
İQTİSADİYYAT
Ermənilər Qarabağdan qaçır
Ermənistanın baş nazirinin müavini Armen Gevorkyan: "Hər il ölkəni 20-25 min adam tərk edir"
Ermənistandan kütləvi miqrasiya davam edir və bunun əsas səbəblərindən biri Qarabağda Azərbaycanın hərbi əməliyyatlara başlaması təhlükəsidir. Bu barədə Fransa jurnalı "Slate"in məqaləsində deyilir. "İqtisadiyyatda kök salmış inhisarçılıq, insan haqlarının boğulması və Azərbaycan tərəfindən hərbi əməliyyatların başlanmasının mümkünlüyü on minlərlə ermənini xaricə üz tutmağa məcbur edir" deyə, jurnal yazır.
Müəllif Emmanuel Daniel qeyd edir ki, Ermənistanın indiki acınacaqlı iqtisadi vəziyyətinin arxasında onun geosiyasi mənzərəsi dayanır.
Belə ki, Ermənistan Azərbaycanla müharibə təhlükəsi qarşısındadır. 4 il davam edən birinci müharibə hər iki tərəfdən on minlərlə adamın ölümünə səbəb olub, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. "Tərəflər təmas xəttində atəşkəsə dair razılaşma əldə etsələr də atəşkəs rejimi hər gün pozulur. Sentyabrın əvvəllərində Ermənistanın indiki prezidenti hətta müharibə ilə hədələdi. Lakin qeyd etmək lazımdır ki, Ermənistan həm də Türkiyə ilə sərhədlərinin bağlı olması səbəbindən iqtisadi blokadadır. Ölkə regional layihələrdən tamamilə təcrid olunub, Qərb isə Ermənistanı əlverişli vəziyyətdə buraxıb".
Məqalədə Ermənistanı ötən il nə qədər adamın tərk etdiyinə dair rəsmi statistikaya da yer verilir. Bildirilir ki, ötən il Ermənistanı 29 min adam tərk edib. Erməni iqtisadçısı, BMT proqramı çərçivəsində Ermənistandakı miqrasiya problemi üzərində işləyən Ruben Yeginyan deyir ki, ən optimist rəqəmlərə görə yaxın bir neçə ildə ölkəni 200 min adam tərk edəcək. Məqalədə deyilir ki, Ermənistan vətəndaşları Avropaya giriş vizası almağa çətinlik çəkir və əsasən Rusiyaya üz tuturlar.
Ermənistandan kütləvi miqrasiyanın davam etdiyini bu ölkənin baş nazirinin müavini Armen Gevorkyan da təsdiq edir. ARKA agentliyinin məlumatına görə, Gevorkyan parlament qarşısında çıxışı zamanı deyib ki, son 10 ilin statistikasına əsasən, Ermənistanı hər il 20-25 min adam tərk edib. Lakin o əlavə edib ki, bu rəqəmlər son deyil, çünki miqrasiyanın səviyyəsini müəyyənləşdirmək və ölkəni tərk edənlərin dəqiq sayını müəyyən etmək üçün metodoloji problemlər mövcuddur. "Hazırda miqrasiyanın səviyyəsini müəyyən etmək üçün biz aeroportdan və gömrük xidmətindən məlumatlar alırıq. Lakin müəyyən etmək çətindir ki, ölkənin sərhədlərini keçib gedən vətəndaşların nə qədəri miqrantdır".
Gevorkyan bildirib ki, miqrasiya problemi ilə bağlı işçi qrupu yaradılıb və yaxın günlərdə daha mötəbər rəqəmlər açıqlana bilər.
Britaniyanın Sülh və Müharibə Araşdırmaları İnstitutunun saytında dərc edilmiş məqalədə də Ermənistandan miqrasiya probleminə toxunulur. Erməni jurnalistin hazırladığı məqalə Ermənistanın Azərbaycan və Gürcüstanla həmsərhəd Dzunaşoq kəndindən bəhs edir. Bildirilir ki, kənddəki 300-dən çox yaşayış evindən cəmi 56-sı qalıb, hazırda kənddə cəmi 156 adam yaşayır. Kənd sakinləri deyirlər ki, artıq məktəb bağlanıb, çünki məktəbyaşlı uşaqlar qalmayıb, yeni uşaqlar isə doğulmur. Kənddə qalanlar hamısı yaşlılardır, cavanlar xarici ölkələrə, əsasən Rusiyaya üz tutur. Kənddə heç bir infrastruktur yoxdur, insanlar dolanışıq üzündən başqa yerlərə köçür. Bu kənddə 1989-cu ilə qədər azərbaycanlılar yaşayıb və onlar kütləvi deportasiya edilib. Onların evlərində Azərbaycandan köçüb gedən ermənilər məskunlaşıb. Məqalədə deyildiyinə görə, olduqca ironikdir ki, azərbaycanlıların köçməsindən sonra kənddə məskunlaşan ermənilər də oranı tərk etməli olur. Yerli sakinlər deyir ki, kənddən köçənlər bir daha geri qayıtmır, onların çoxu evləri söküb tikinti materiallarını satırlar.
Qeyd edək ki, Ermənistan mənbələrinin məlumatına görə, ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəni 1 milyondan çox erməni tərk edib və bir daha geri qayıtmayıb. Miqrasiya problemi Ermənistanda milli təhlükəsizliyə təhdid yaradan ciddi problem kimi müzakirə olunur. Müxalifətin bu problemlə bağlı təzyiqlərindən sonra ötən il prezident Sərkisyan miqrasiya ilə bağlı xüsusi müşavirə keçirməli olmuşdu.
Fərhad Məmmədov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00