Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib.
Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra H akimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri, hərbi hissələrin əsgər və zabit heyəti Xırdalan şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Məlumat üçün bildirək ki, rayonun bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.