Dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların  gömrük orqanlarında xidmətə qəbulu ilə  əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib.

Komitədən Unikal.org-a daxil olan məlumata görə, müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki,  imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

 Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İsmayıl Hüseynov nəticədə vakant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vakant yerlərı üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədəuyğun hesab olunub.
       
Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.

Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.