Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.Kruqman, M.Obstfeld və M.J.Melitz), “Makroiqtisadiyyat” (O.Blanşar) və “Mikroiqtisadiyyatın əsasları” (K.E.Keys, R.C.Feyr və Ş.E.Oster) kitabları Azərbaycan dilinə tərcümə olunub.
Unikal.org xəbər verir ki, kitabların tərcüməsi və nəşri “BP-Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib. Tərcümə prosesində iqtisadi termin və söz birləşmələrindən ibarət qısa lüğət də hazırlanıb. Ölkədə iqtisad elminin tədrisində mühüm rol oynayacaq kitablar geniş ictimaiyyətə təqdim olunub.
“Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabının Azərbaycan dilinə tərcümə olunmasında UNEC-in əməkdaşları aparıcı rol oynayıb. Nəfis tərtibat və yüksək keyfiyyətlə nəşr olunan kitabın tərcüməsinin elmi redaktoru UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayevdir. Dünyanın nüfuzlu universitetlərində iqtisad elmi üzrə istifadə olunan kitabda müəlliflər beynəlxalq ticarət mənbələri ilə bağlı ənənəvi fikir və müqayisəli təhlillər vasitəsilə miqyas iqtisadiyyatını ortaya qoyublar. Kitabda beynəlxalq iqtisadiyyat fənninin ən önəmli yenilikləri yer alıb. Oxucular real həyat hadisələri ilə nəzəri baxışları əks etdirən çox maraqlı nümunələr və konkret məqamlarla tanış olacaqlar. UNEC-in müəllim və tələbələri kitabı universitetin 24/7 kitabxanasından əldə edə biləcəklər.