Xəzər rayon Gənclər evi və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Biznes idarəçiliyi” fakültəsinin təşkilatçılığı ilə adıçəkilən qurumda “Xidmət sektorunda müasir menecment yanaşmaları” mövzusunda tələbə forumu keçirilib.
Unikal.org xəbər verir ki, Xəzər rayon Gənclər evinin direktoru Əligül Ağayev iştirakçıları salamladıqdan sonra tədbirin məqsədini açıqlayıb. Və gənclərin biznes sahəsində düşüncələrinin inkişafına, səriştəli iş adamı və menecer kimi yetişmələrinə vəsilə olacağına inandığını deyib.
ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin dekan müavini İlahə Əliyeva bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni vəzifələr hədəfləyən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışıb. Eyni zamanda gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsilalmalarına yaradılan münbit şəraitdən söz açıb. Gənclər təşkilatlarının formalaşması və inkişafında diqqətçəkən yenilikləri sabahın qurucularına yüksək dəyər və inam kimi qiymətləndirib. İ.Əliyeva qeyd edib ki, tələbə forumunun məhz Xəzər rayon Gənclər evi ilə birgə təşkili tədbirə ev sahibliyi edən qurumun bilavasitə fəaliyyətinə maraqdan irəli gəlib.
Daha sonra forumda “Health Food Catering” şirkətinin direktoru Elnur Həsənov, “Greenwich travel” şirkətinin fərdi qonaqlarla iş şöbəsinin rəhbəri Leyla Mehdiyeva, “Bakı Şəhər Halqası Əməliyyatlar Şirkətinin konsert arenası məkan əməliyyatları rəhbəri Polad Məmmədov və “Blockchain A.M.” şirkətinin həmtəsisçisi Elnur Quliyev şəxsi iş təcrübələri əsasında fəaliyyət sferasında əhəmiyyətli sayılan detallardan danışıblar.
Tədbir geniş fikir mübadiləsi şəraitində başa çatıb.