Ermənistan və Azərbaycan arasında siyasi və hərbi qüvvələr balansı pozulub.

Unikal.org xəbər verir ki, bunu "News.am"a açıqlamasında erməni hərbi ekspert Van Ambartsumyan deyib. Onun sözlərinə görə, hərbi balansın olmaması Ermənistanın vəziyyətinə neqativ təsir göstərir.

O, Ermənistanın yeni rəhbərliyinin siyasəti ucbatından KTMT-yə azərbaycanyönlü Belarus nümayəndəsi Stanislav Zasın təyin edilmə təhlükəsi yarandığını qeyd edib. Hərbi ekspert general Zasın Azərbaycana "Polonez" sistemlərinin tədarükünə nail olan əsas vasitəçilərdən biri olduğunu deyib:

"Bu sistemlərin tədarükü ilə Ermənistanla Azərbaycan arasında qüvvələr balansı pozulub. Dünyada bu silahın analoqu yoxdur. Bu sistemin qarşısında praktik olaraq yeni hava hücumundan müdafiə sistemləri çarəsizdir. Bu sistemlər Ermənistanın silahlanmasında olan Rusiyanın S-300 komplekslərini məhv etmək gücündədir. Hava hücumdan müdafiə sistemləri üçün bizim İsgəndər-E raketlərinə müqavimət göstərmək "Polonez"lərdən daha asandır. Azərbaycanlılar artıq "İsgəndər"lərə cavab olaraq LORA sistemlərini də alıblar.

Bizim texnikanın dərin modernləşməyə ehtiyacı var. Bizim tanklarımız gecələr gücsüzdür. Onlar düşmən tankları hətta tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilirlər".(axar.az)