"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə tərəflər özləri razılığa gəlməlidir".
 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 
 
"Bildiyiniz kimi mayın 16-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN başçılarının iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında görüşünün təşkili qərara alınıb. Görüşün nə vaxt və harada keçirilməsi barədə tərəflər özləri razılığa gəlməlidir. Ancaq bundan sonra görüşün tarixi, yeri, müzakirə olunacaq məsələlər barədə məlumat veriləcək", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (APA)