Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb.
Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.