Aprel ayında cəbhə xəttində ermənilərin törətdiyi təxribat zamanı Azərbaycan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərinin bir hissəsini azad edəndən sonra Ermənistan ordusunda çaxnaşma yaranıb və bu proses davam edir.
Aprel hadisələrindən sonra Ermənistan ordusunun 4 yüksək rütbəli zabitinin işdən qovulması ilə yanaşı, həbs edilməsi, Yerevanda Ermənistan müdafiə nazirinin istefaya göndərilməsi barədə hərəkatın başlaması, dinc şəraitdə Dağlıq Qarabağda 9 erməni hərbçinin qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülməsi Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasından xəbər verir.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açıqlamasında bildirib ki, baş verən son proseslər Ermənistan ordusunun iflasından xəbər verir:
"Ermənistan siyasi rəhbərliyi ordudakı yüksək rütbəli zabitləri ona görə həbs edib ki, niyə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyi bacarıb. Siyasi rəhbərlik guya bununla ordudakı digər zabitləri qorxutmaq istəyir. Amma erməni hərbçiləri Azərbaycan hərbçilərinin gücünə bələddir. Ermənistan siyasi rəhbərliyi isə gücsüzlüyünü ört-basdır etmək üçün günahları hərbçilərin üzərinə yıxıb onları həbs ermək istəyir. Buna görə də aprel hadisələrindən sonra Ermənistan Silahlı Qüvvələrinin bir general və 4 polkovniki həbs edildi. Adını da qoydular ki, guya onlar həmin döyüşlər zamanı hərbçiləri silah-sursatla təmin edə bilməyib.
Ermənistan rəhbərliyi bununla heç nəyə nail ola bilməyəcək. Çünki onlar özləri də bilirlər ki Azərbaycan Silahlı Qüvvələri qarşısında acizdirlər və işğal olunmuş əraziləri saxlaya bilməyəcəklərinə əmindirlər. Aprel hadisələrində onlar Azərbaycan Silahlı Qüvvələrinin gücünə tam bələd oldular. Çünki ermənilərin zabit korpusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə qat-qat zəifdir".
Ə.Qənizadə bildirir ki, aprel hadisələrindən sonra erməni hərbçiləri arasında vəziyyət daha da pisləşib. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycana qarşı döyüşmək istəmirlər: "Məcburiyyət qarşısında qalan Ermənistan rəhbərliyi Yerevandan Dağlıq Qarabağa "könüllülər" adı ilə hərbçilər göndərib ki, Dağlıq Qarabağda yaşayan erməni hərbçilərini döyüşməyə vadar etsinlər. Dağlıq Qarabağda yaşayan ermənilər isə Yerevan ermənilərini istəmir və onların arasında mübahisələr, insidentlər yaşanır. Nəticədə aprel hadisələrindən sonra Dağlıq Qarabağda xidmət edən 9 hərbçi qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülüb. Bu bir daha sübut edir ki, Ermənisran ordusunda vəziyyət acınacaqlı olduqca burada "dedovşina" hərəkətləri də artır. Yerevandan gələn hərbçilər Dağlıq Qarabağda xidmət edən hərbçiləri döyüb öldürür, onları Azərbaycana qarşı döyüşməyə vadar edir. Buna etiraz olaraq erməni hərbçilərin valideynləri, yaxınları Ermənistan müdafiə nazirinin istefasını tələb edirlər".
Hərbi ekspert hesab edir ki, ermənilərin bu cür hərəkətləri onların özlərini daha çətin vəziyyətə salır: "Ermənistanda müdafiə nazirinin istefasını tələb edən vətəndaşlar elə bilirlər ki, buna nail olandan sonra vəziyyət sabitləşəcək. Amma bu belə deyil. İşğal altındakı ərazilərin azad edilməsi, Ermənistanda vəziyyətin gərginləşməsi təkcə bu ölkənin hərbi rəhbərliyinin günahı deyil. Bu həm də Ermənistan siyasi rəhbərliyinin günahıdır. Dağlıq Qarabağdakı ermənilər torpaqların işğaldan azad olunmasını, normal yaşayışın təmin olunmasını istəyir. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan onların normal yaşayışına təminat verəcək. Buna görə də onlar Ermənistan siyasi rəhbərliyindən Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, Azərbaycan öz vətəndaşlarına güllə atmır və onların ölməsini istəmir. Azərbaycan Silahlı Qüvvələri yalnız Dağlıq Qarabağdakı separatçı qüvvələrin Azərbaycan ərazisindən çıxmasını tələb edir. Ermənistan rəhbərliyi də, Dağlıq Qarabağ erməniləri də bilirlər ki, hələ ki sülh yolu ilə torpaqların işğaldan azad edilməsini istəyən Azərbaycan bu proses baş tutmayacağı təqdirdə, erməni silahlı birləşmələrini işğal altındakı ərazilərdən çıxaracaq".