Narkotik satışı ilə məşğul olan qadın hakim qarşısına çıxarılıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edilib.
İttihamda göstərilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb. O, ifadəsində narkotiki "Kubinka"da yaşayan "Bibi"dən aldığını deyib. Növbəti əməliyyatda "Bibi"də saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli olmayıb.
Sənibər Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin "Bibi" ifadə verməkdən imtina edi. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Məhkəmədə polis əməkdaşı Miryusif Seyidov ifadə verib.
O deyib ki, adını xatırlamadığı bir nəfər tutulub və həmin şəxs narkotiki Sənubər Lütfəliyevadan aldığını bildirib: "Biz ona yaxınlaşıb idarəyə dəvət etdik, orada qadın hal şahidləri dəvət olundu. Sənubər xanımın sinə alt paltarında saxladığı pul qabısından heroin çıxdı".
Polis əməkdaşı Ruslan Həsənov da oxşar ifadə verib. Bildirib ki, S. Lütfəliyevanın evinə də baxış keçirilib lakin oradan heç nə çıxmayıb.
Məhkəmədə hal şahidi Dilşad Quliyeva və Teyyubə Qarayeva da ifadə veriblər. Onlar bildirib ki, qadının üzərinə baxış keçirmək istəyən zaman o, buna etiraz edib: "Bizə icazə vermədi, özü sinə alt paltarının içindən 2 pul qabı çıxartdı, onların da içindən salafana bükülmüş nəsə var idi".
S.Lütfəliyeva deyib ki, heroinləri polisə özü təqdim edib.
Cinayət işi materialları arasında olan rəyə görə, "Bibi" özü də narkotik vasitələrdən istifadə edir və məcburi müalicə olunmalıdır.
Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.
Məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək.
Bildirək ki, Daxili İşlər Nazirliyi Sənubər Lütfəliyevanın həbsi ilə bağlı məlumat yayıb.
Həmin məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.