Cəlilabadda 12 yaşlı uşağın çörək oğurluğu üstündə həbs edilməsi barədə yayılan məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, azyaşlı oğlan bir neçə gün əvvəl rayonun "İran bazarı" adlanan hissəsindən çörək və qənd oğurlamaqda ittiham edilir. Buna görə də o, polis əməkdaşları tərəfindən həbs edilib.
Həbs edilərkən çəkilən fotolar isə "Bizim Cəlilabad" səhifəsində paylaşılıb.
"Qafqazinfo" azyaşlının hansı maddə ilə həbs edilməsini öyrənmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, məsələdən xəbərdardırlar və bununla bağlı gün ərzində mövqelərini açıqlayacaqlar.