Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, bir neçə maddə ilə ittiham edilən Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barələrində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Cinayət işində 17 zərərçəkmiş var.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.
Xatırladaq ki, bir qrup şəxsin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun və digər hakimlər Dadaş İmanovla Məhəmməd Bağırovun icraatlarına verilib.