Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.
Unikal.org xəbər verir ki, Akademiyanın rəisi Qulu Novruzovun sərəncamı ilə qış sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Akademiya rəisi işçi qrupun üzvləri ilə görüşüb, imtahanların təşkilinin və nəzarətin yüksək səviyyədə həyata keçirilməsinin, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasının vacibliyini bildirib.
Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb. Bununla yanaşı, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, imtahanlar yanvarın 3-dən fevralın 1-dək keçiriləcək.