“Azərenerji” ASC təcrübəli kadrların üzə çıxarılması, gənc mütəxəssislərin irəli çəkilməsi, işin operativliyini və keyfiyyətinin artırılması, o cümlədən yaxın zamanlara qədər enerjinin istehsalı, ötürülməsi və idarəolunması sahəsində yaşanan kadr pərakəndəliyinin kompaktlaşdırılması üçün bir neçə aydır ki, sistemli şəkildə işlər həyata keçirir.
Unikal.org xəbər verir ki, Azərenerji ASC-nin “İşə qəbul qaydaları” hazırlanaraq təsdiq edilib və “Mərkəzi Müsahibə Komissiyası” yaradılıb. Azərenerji” ASC-nin Elektrik Stansiyalarında və yarımstansiyalarında kadr ehtiyyatının yaradılması məqsədi ilə təcrübəli və gənc energetiklərin işə dəvət olunması üçün müxtəlif ixtisaslar üzrə Səhimdar Cəmiyyətin azerenerji.gov.az internet səhifəsində və KİV-lərdə elanlar yerləşdirilib.
Elanlar əsasında Səhmdar Cəmiyyətə 150-yə qədər müraciət daxil olub ki, həmin müraciətlər əsasında ehtiyyat kadr bankına daxil edilib. Eyni zamanda işə qəbul imtahanından keçən bakalavr və magistr təhsilli energetiklər hazırlıq kursu keçdikdən sonra Elektrik Stansiyalarına işə götürüləcəklər.
Bununla yanaşı “Azərenerji” ASC-nin tabeliyində olan müəssisələrdə çalışan 800-ə yaxın işçi bilik səviyyəsinin yoxlanılması məqsədi ilə “Azərişıq” ASC-nin Tədris Mərkəzinin bazasından istifadə edilməklə imtahana cəlb edilib. İmtahandan əla və yaxşı qiymətlər alanlar Səhmdar Cəmiyyətin Texniki istehsalat, Mərkəzi dispetçer iİdarələrinə mühəndis, aparıcı mühəndis vəzfələrinə irəli çəkilib. Eyni zamanda Regional Elektrik Şəbəkələrinə və Elektrik Stansiyalarına məsul vəzifələrə təyin ediliblər. Yaxşı qiymət alan mütəxəssislərin bir hissəsi kadr ehtiyyatı bankına daxil edilib və onların vəzifəyə yüksəlməsi, ödəniş dərəcələrinin artırılması üçün müəssisə rəhbərləri ilə birlikdə vakansiyalara təqdim olunması işləri aparılıb. İmtahandan kafi qiymət alan işçilərin isə ixtisaslaşdırılma kurslarına çəlb olunması üçün qısa müddətli tədris proqramı hazırıanaraq həyata keçirilib.
“Azərenerji” ASC bundan sonra da həm qrum daxilində, həm də kənarda olan ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi, önə çəkilməsi və daha peşəkar formada yetişdirilməsi üçün səylərinin durmadan davam etdirəcək.