Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22,5 kiloqrama yaxın marixuana götürülüb.

Keçirilmiş əməliyyat tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Ramazanovdan 480 qram marixuana, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan çox heroin, Quba RPŞ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Şəfiyevin üzərindən və Zizik kəndindəki evindən 442 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları şəhər sakinləri Kamran Məmmədovdan 430 qramdan artıq, əvvəllər məhkum olunmuş Sahib Mahmudovdan isə 425 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.