Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.
Komitədən Unikal.org-a verilən məlumata görə, ilin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilib.
Paytaxtda yerləşən kiçik dövlət müəssisələrdən biri rəqabətli mühitdə özəlləşdirilib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95.8 kv.m-dir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirib. Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir. Ümumi faydalı sahəsi 1455 kv.m olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə - 60 min manata özəlləşdirib. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kv.m-dir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kv.m-lik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.
İştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələrindən biri Zərdab şəhərində, digərləri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Bu kateqoriya üzrə ən yüksək ümumi faydalı sahəsi və hərrac qiyməti olan dövlət əmlakı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindədir. 143 kv.m-lik sahəsi olan, xidmət fəaliyyəti üçün əlverişli obyekti vətəndaş 35 min manata özəlləşdirib. Özəlləşdirilən yarımçıq tikili İsmayıllı şəhəri, M.F.Axundov küçəsindədir. Dövlət əmlakının ümumi faydalı sahəsi 3377 kv.m, birlikdə özəlləşdirildiyi torpağın ərazisi isə 1732.8 kv.m-dir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda 900-ə yaxın elektron sifariş qəbul edilib, 30-a yaxın vətəndaş hərracda onlayn formada iştirak edib. Ötən il ərzində reallaşan hərraclarda 600-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.