Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Cavadov və Vasib Rzayevin barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org-un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar. Daha sonra əvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.