Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması barədə yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə report-a bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır: “Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.
Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb. Lakin Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.
O.Mansurzadə həmçinin qeyd edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub: “Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib.
Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.
Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.
Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.