Ukraynaya səfər edən Azərbaycan vətəndaşları üzərlərində 400 ABŞ dollarından az vəsait olduqları üçün ölkə ərazisinə buraxılmayıblar, daha sonra isə 3 illik ölkəyə girişlərinə qadağa qoyularaq deportasiya olunublar.

Unikal.org xəbər verir ki, vətəndaşlardan 1986-cı il təvəllüdlü Məmmədov Elçin Ələsgər oğlu report-a bildirib ki, digər Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Quliyev Kərəm İlham oğlu ilə birlikdə 2019-cu il yanvarın 8-də turist kimi Ukraynaya səfər edən zaman paytaxt Kiyevin “Juliana” hava limanında sərhəddən ölkəyə buraxılmayıblar.

Əvvəlcə onlardan üzərlərindəki nəğd vəsaitin miqdarı soruşulub: “Biz isə üzərimizdə nəğd 100 dollardan çox olmadığını, amma əvəzində kart hesabımızda vəsaitin olduğunu, eyni zamanda Kiyevdə bizi qarşılayacaq dostumuzun qonağı olduğumuzu bildirsək də, bizə bu halda ölkəyə girişimizin qadağan olduğunu bildirdilər. Səbəb kimi isə üzərimizdə nəğd 400 ABŞ dollarından az pul olduğunu göstərdilər. Həmən an yanımızda eyni vəziyyətlə qarşılaşan Rusiya vətəndaşı olan daha bir azərbaycanlı da vardı və bizə hava limanının bir əməkdaşı yaxınlaşaraq məsələni həll etmək üçün başqa yollar təklif etdi. Rusiya vətəndaşı olan azərbaycanlı rus dilini yaxşı bildiyi üçün o, onlarla danışırdı. Ona daxil sərhəd xidməti əməkdaşlarına rüşvət verməyimizi və məsələni belə həll edilməsini təklfi etdilər. Əvvəlcə ehtiyat etsək də, sonra təyyarə biletlərimizin batacağı qorxusundan əlacsız qalıb razılaşdıq. Amma qəflətən bir qrup polis gələrək həmin azərbaycanlını rüşvət təklif etməsi səbəbi ilə saxlayıb apardılar. Bizi isə pasportumuza möhür vuraraq 2022-ci ilə qədər Ukraynadan deportasiya etdilər” - Azərbaycan vətəndaşı bildirib.

Məsələ ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən “Report”un sorğusuna cavab olaraq bildiriblər ki, ölkənin Nazirlər Kabinetinin 4 dekabr 2013-cü il 884 nömrəli qərarı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Ukrayna ərazisinə daxil olduqda, ölkə ərazisində qaldıqda və yaxud ölkə ərazisində tranzit kimi istifadə etdikdə bu zaman həmin şəxslər kifayət qədər maliyyə təminatlarını təsdiq etmək məsuliyyəti daşıyırlar. Səfirlikdən eyni zamanda bildiriblər ki, konkret bu hadisə ilə bağlı da araşdırma aparıb dəqiqləşdirəcəklər.