"İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Unikal.org-un məlumatına görə, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri yanvarın 16-da Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olan zaman deyib.
Baş Qərargah rəisi bildirib ki, İran bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".
Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş edib və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırıb.