Xəbər verdiyimiz ki, ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib.
Unikal.org xəbər verir ki, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib.
E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.
E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə- 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.
Kim idi Mikayıl Gözəlov?
Musavat.com-un araşdırmasına görə, Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülkü tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.
1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.
Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Məzarını Mərzili kəndindədir.
Bəs qatil?
Qətli törədən E.İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla qətlə yetirməsi dərhal ciddi suallar doğurmuşdu. Bu qətllə bağlı ən müxtəlif versiyalar irəli sürülürdü. Uzun müddət Şuşada müxtəlif vəzifələrdə işləmiş M.Gözəlov Ağdamda da doğulsa da, onu heç kim “yad” hesab edə bilməzdi və təsadüfi deyil ki, əhali arasında da böyük nüfuza malik idi. Daha bir iddia da bu idi ki, M.Gözəlov 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürülüb.
Şuşada vəziyyətin gərgin olduğu bir vaxtda icra başçısının kabinetində öldürülməsi əhaliyə də təsirsiz ötüşmədi. Şuşanın boşaldılması prosesi sürətləndi.
E.İbrahimov qətl baş verən gün- dekabrın 11-də həbs edildi və bir neçə gün sonra Bakıya-Bayıl həbsxanasına göndərildi. Onun məhkəmə prosesində də qətllə bağlı qeyri-adi heç bir fakt ortaya çıxmadı. E.İbrahimov aralarında dartışdıqlarını və əsəbiləşdiyi üçün icra başçısına güllələdiyini iddia etdi. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun da cəzası ömürlük həbslə əvəzlənmişdi.
Mikayıl Gözəlovun oğlu qatillə görüşmək istəyib
M.Gözəlovun yeganə oğlu mediaya müsahibəsinin birində qətl barədə danışıb. “Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi” sualına o, “Bu illər boyu məni də düşündürüb. Atamı otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib” deyib. Oğlu deyib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə görüşüb.