Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Hindarx qəsəbə sakini H.Cənnətov polisə müraciət edərək yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.
Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır. Ə.Cənnətovun meyiti eksqumasiya edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.