Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanda müstəqil energetika sisteminin formalaşması mümkün olmuşdur. Bütün sahələrdə, həmçinin elektrik enerjisi sahəsində də əldə olunan yeniliklər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilavasitə onun göstərişləri əsasında aparılan genişmiqyaslı quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər sosial problemlərin həllinə yönəldilmişdir. Təbii ki, yeni-yeni sənaye və ticarət obyektləri, sosial-mədəniyyət obyektləri yaranır ki, bunlar da öz növbəsində yeni enerji obyektlərinin yaradılmasını, onların yenidən qurulmasını tələb edir. Yeni elektrik güc mərkəzlərinin işə salınması bölgələrin, o cümlədən şimal bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirib.
Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının lazımi səviyyədə təmin olunmasında "Xaçmaz Regional Elektrik Şəbəkəsi"nin (REŞ) özünəməxsus yeri və rolu var.
"Azərenerji" ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, "Xaçmaz REŞ"in balans mənsubiyyətinə aid olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün cari ilin son üç ayı ərzində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, 110/35/10 kV-luq "Quba" yarımstansiyasında yenidənqurma işləri aparılmış, o cümlədən, 1 və 2 saylı 40 MVA transformatorların 35 kV tərəfində müasir tipli gərginlik məhdudlaşdırıcıları quraşdırılmışdır. Eyni zamanda yarımstansiyada layihə sənədləri əsasında yeni 32 yuvadan ibarət 10 kV-luq qapalı paylayıcı quruluşun (QPQ) tikinti işləri davam etdirilir. Bütün bunlarla yanaşı bu yarımstansiyada 1 və 2 saylı 40 MVA transformator, 110 kV-luq eleqaz açarları, cərəyan transformatorları və boşaldıcılar, 110 kV-luq 2-ci "Quba" hava xəttinin (HX) xətt ayrıcısı və digər avadanlıqlar təmir edilmişdir.
Həmin dövrdə 110/35/10 kV-luq "Qusar" yarımstansiyasında 1 saylı 10 MVA transformator və avadanlıqlarında təmir işləri görülmüş, yarımstansiyanın genişləndirilməsi ilə əlaqədar yenidənqurma işləri çərçivəsində yeni 35 kV-luq avadanlıqların quraşdırılması və 26 yuvadan ibarət 10 kV-luq QPQ tikinti işləri davam etdirilmiş və hazırda son tamamlama işləri aparılır.
Mənbə onu da bildirdi ki, hesabat dövründə 330/110/10 kV-luq "Xaçmaz" yarımstansiyasında 2 saylı 180 MVA transformatorun 110 kV-luq xətt ayrıcısı, 330 kV-luq "Dərbənd" və 110 kV-luq 7-ci "Xaçmaz" HX-lərinin xətt ayrıcıları, 2 saylı xüsusi sərfiyyat transformatorunun vakuum açarı təmir olunmuşdur.
Qeyd edək ki, 110/35/10 kV-luq "Xaşmaz", "Xudat", "Yalama", 110/35/6 kV-luq "Siyəzən" və 35/10 kV-luq "Qusar" yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da möhkəmləndirilmişdir.
Mənbə onu da qeyd etdi ki, həmin dövrdə yenidənqurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərindən də (HEVX) yan ötməmişdir. Belə ki, 330 kV-luq "Dərbənd", 110 kV-luq 7-ci "Xaçmaz", "Çarxı", "Xudat-Yalama" və digər bir neçə xəttdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən dövrdə 35 kV-luq və ondan yuxarı gərginlikli HEVX-nin 200 kilometrdən artıq hissəsində təmir və bərpa işləri aparılmış, 470-ə yaxın izolyator və 4 ədəd dayaq dəyişdirilmiş, 15 ədəd dayaq təmir olunmuşdur. Eyni zamanda dayaqlara yuxarıdan baxış keçirməklə müvafiq istismar işləri və HX-lər boyu hündür ağacların budanması işləri aparılmışdır.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işlərdən söz açan mənbə onu da qeyd etdi ki, yarımstansiyalarda olan ilkin yanğınsöndürmə balonları təftiş olunmuş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. HX-lərinin dayaqlarının ətrafı, yarımstansiyalarda APQ-nin ərazisi otlardan təmizlənmiş, avadanlıqlarda olan yağ sızmaları aradan qaldırılmış, kabel kanallarının kipləşdirilməsi işləri aparılmış və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Sonda onu da qeyd edək ki, müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Xidməti ərazinin fərqli iqlimə və relyefə malik olması istismar heyəti üçün müəyyən risklərlə müşahidə edilir. Bunu nəzərə alaraq, istənilən əməliyyatın həyata keçirilməsindən qabaq texniki heyət təlimatlandırılır və işçilər lazımi mühafizə dəstləri ilə təmin olunurlar