19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər növbəti hakim qarşısına çıxarılıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Eldar Məmmədov təqsirləndirilən şəxslərin üçünü də Sumqayıtda kafedə gördüyünü deyib. Məlum olub ki, təqsirləndirilən şəxslər sürücünü qətlə yetirdikdən sonra həmin kafeyə gedərək çay içiblər, sonra da oradan çıxaraq taksiyə miniblər.
Digər şahid Elxan Mehrəliyev isə dindirilərkən deyib ki, yol kənarında maşının ağaca çırpılaraq dayandığını görüb. Maşına yaxınlaşarkən sürücünün qan içərisində olduğunu görüb və polisə məlumat veriblər.
Məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Abbasqulu Məmmədov da ifadə verib. Polkovnik də sürücünün qətlə yetirildiyi maşını yol kənarında görüb.
O deyib ki, maşının ağaca çırpıldığını görüb və yardım üçün oraya yaxınlaşıb.
Şahidlərin dediklərindən məlum olub ki, qətlə yetirilən taksi sürücüsü Aydın Şıxəliyev 28 bıçaq zərbəsi aldıqdan sonra maşını idarə etməyi bacarıb. O, özünü xəstəxanaya çatdırmağa çalışıb. Lakin qanitirmədən yolda keçinib. Maşın da ağaca çırpılaraq dayanıb.
Məhkəmədə şahid qismində Nail Süleymanov da ifadə verib.
Məlum olub ki, Nail telefon təmiri ilə məşğul olur. O, təqsirləndidilən şəxslərdən iki ədəd mobil telefon alıb. Həmin telefonlar da qətlə yetirilən taksi sürücüsünün olubmuş. Həmin telefonlardan birini 10 manata, digərini isə 2 manata satıblar.
Hakim Nail Süleymanovdan 2 manata alınan telefonun nə işə yaradığını soruşub. O isə deyib ki, həmin telefonun bəzi ehtiyat hissələrini təmir zamanı istifadə edirmiş.
Məhkəmənin davamında həbs edilən şəxslərdən Pərvizin atası Firudin Hüseynov dindirilib. O, oğlunun bəzən anormal hərəkətlər etdiyini, evə gəlmədiyini, yersiz hərəkətlər etdiyini deyib.
O, oğlunun psixoloji problemlərinin olduğunu deyib. Hakim isə soruşub ki, nə zamansa oğlunu müalicə etdiribmi. Firudin Hüseynov imkanı olmadığı üçün oğlunu həkimə apara bilmədiyini deyib.
Digər şahid isə təqsirləndirilən Şamilin atası Sahib Bayramov olub. O deyib ki, oğlu həmin gün dostunun ad gününə getdiyini deyib. Ata bildirib ki, oğlunun cibində 10 manat pul olub.
Bildirək ki, təqsirləndirilənlərdən Rahin Hüseynov həbsxanada və məhkəmə zalında digər şəxslərdən ayrı saxlanılır. Buna səbəb onun digərlərindən fərqli ifadə verməsi və aralarında mübahisə yaranmasıdır.
Təqsirləndirilən şəxslər məhkəmədə deyib ki, birlikdə yeyib-içiblər. Sonra da pul tapmaq üçün plan qurublar və quldurluq ediblər.
Təqsirləndirilən Rahin sürücüyə ilk bıçaq zərbəsini vurub: "Pul verməsini tələb elədim. Amma o, söyüş söydü, mübahisə eləməyə başladıq. Məni yumruqla vuranda mən də onu bıçaqla vurdum. Ən çox 5 bıçaq zərbəsi vurmuşam. Digər zərbələri mən vurmamışam".
Şamil Bayramov isə deyib ki, pul lazım olduğu üçün belə cinayət törədiblər: "Rahin dedi ki, gedək belə bir iş görək. Biz də razılaşdıq. Mənim də, Rahinin də bıçağı var idi. Taksiyə minəndə Rahin sürücüdən pul istədi. Onlar mübahisə edəndə sürücü Rahini vurdu. Sonra da məni vurdu. Mən də onu bıçaqla vurdum".
Hadisəni törədən zaman 18 yaşının tamam olmadığını deyən Şamil bu işə onu Ruhinin sövq etdiyini deyib.
Məhkəmədə təqsirləndirilən üçüncü şəxs Pərviz də dindirilib. 22 yaşlı Pərviz hadisə zamanı şokda olduğunu və belə bir cinayətdə iştirak etmək istəmədiyini söyləyib.
Məhkəmənin növbəti iclası fevralın 3-nə təyin edilib.
Xatırladaq ki, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.
Qəsəbə ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.
İstintaq hərəkətləri meyidi tapılan şəxsin "Mersedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulublar.
İlkin məlumata görə 3 nəfər taksi sürücüsünü qarət etmək üçün onun maşınına miniblər. Yolda maşını saxlatdıraraq sürücüdən pul tələb ediblər. Aralarında mübahisə yaranan zaman isə onu bıçaqlayaraq qətlə yetiriblər. Taksi sürücüsünün dibində olan 19 manatı götürərək hadisə yerindən qaçıblar.