Məlum olduğu kimi, KİVDF-nin qəzetlərin maliyyələşirilməsi ilə bağlı yeni şərtlər elan edilməsindən sonra bir neçə qəzet fəaliyyətini dayandırıb.
Bu barədə açıqlama verən “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev bildirib ki, KİVDF-nin yeni şərtləri ilə fəaliyyət göstərmək mümkün idi, lakin müəyyən məsələlər nəzərə alınandan sonra belə qərar qəbul edilib:
“Onu qeyd edim ki, “Unikal” qəzetinin yeni şərtlərlə yəni, 5 min tiraj çap olunmaq, ən azı 2 min tiraj satılmaq imkanı var idi. Lakin bunun üçün gərək fərqli üslub seçərdik. 5 min tiraj üçün radikal qəzet çıxarmaq lazımdır. Bu qədər oxucu kütləsini formalaşdırmaq üçün tənqidi materalların sayını artırmaq, müxalif mövqeli şəxslərdən müsahibələr vermək, kəskin analitik yazılar dərc etmək lazım gələcəkdi. Bu mənada, biz mövcud durumu və Azərbaycan reallığını nəzərə alaraq bu istiqaməti seçmədik.
Onu da qeyd edim ki, təkcə abunə ilə qəzeti gündəmdə saxlamaq da yolverilməzdir. Çünki abunəsi çox olmaq, ictimai rəyə təsir etmək demək deyil. Bu səbədən də abunə hesabına qəzet çıxarmağı da məqsədəuyğun saymıram.
Amma “Unikal” qezetinin yaşamasını da istəyirik, təbii ki, unikal.org xəbər portalı fəaliyyətini davam etdirir və kifayət qədər oxucu auditoriyası var. Bu səbəbdən də qərarımız odur ki, yaxın günlərdə qəzeti həftəlik də olsa nəşr etdirək. Yəqin ki, bununla bağlı qərarımızı da verəcəyik”.