"Ədalətli olmalıdı insan, Allahı başının üstündə görməlidi, haqqı nahaqa verməməlidi, haram yeməməlidi. Koroğlu deyib, oğurluq eləmişəm, amma haram yeməmişəm. Allahla öz arasında düz olmalıdı insan. Hamıdan gizlənə bilərsən, ancaq Allah bilir axı sən kimsən. Haqqımda düz söz deyiləndə, xoşum gəlir. Kimsə desə ki, Madər çox savadlı adamdı, bilərəm ki, yalan deyir. Amma deyəndə ki, Madər xeyirxahdı, qan yatırandı, bu, başqa məsələ...”

O , köhnə kişilərdəndir. Kamallı, etibarlı, aqil... Şax yerişi, şux duruşu, sərt baxışı, haqq-ədalət qoruyucusu, kəsərli sözü ilə - əsl Azərbaycan kişisi...

Dilinə artıq söz gətirmir - sözü hörmətdən düşər, oturduğu yeri dəyişmir - dostluğu etibardan düşər...

Adının çəkilməsi kifayətdir ki, onun sələflərinin əməllərini davam etdirən xeyirxahlıqlarından ağızdolusu danışılsın...

Həmişə Allah olub dayağı...

Şərəfli ad isə bu həyatda yaşama amalıdır...

Unikal.org xəbər verir ki, "Azərbaycan" qəzetinin "Ağsaqqal sözü” rubrikasının qonağı deputat, el ağsaqqalı Hacı Madər Musayev olub. Tanıyanlar onun haqqında çox danışırlar və dönə-dönə vurğulayırlar ki, sadə və təvazökar insan olan Hacı Madərin xalqı üçün gördüyü xeyirxahlıqları yazmaqla, danışmaqla qurtarmaq olmaz...

Hacı Madər isə heç vaxt özü barədə danışmağı xoşlamır...

Yaxşılıq mənim şüarımdır

- Mənə öz barəmdə danışmaq çox çətindir. Bura balaca bir şəhərdir və ulu babalarım da Bakıda anadan olub, hamımız bir-birimizi tanıyırıq. Kimi məni atama görə, kimi övladıma, nəvəmə, kimi də deputat kimi tanıyır. Və bunun da məsuliyyəti çox ağır olur ki, sən təkcə özün üçün yaşamırsan. Dünya bir pəncərədir deyirlər, amma əsas odur ki, sən o pəncərədən necə baxırsan...

Ailəmizdə adət-ənənələrimizə hörmət olub həmişə. 1969-cu ildən bu günədək hər gün Mir Mövsüm Ağaya "Yasin” oxutdururam. Hər gün... Bir dəfə niyyət elədim, çin oldu. O vaxtdan bugünədək sözümə əməl edirəm. 1990-cı ildə Məkkəyə getmişəm. Məkkə bir dəfə vacibdi... Mən düşünürəm ki, hər kəsdə Allah xofu olmalıdı. Bəzilərinin qəlbinə şeytan girir, yoldan çıxarır onları...

Tərcümeyi-halımda elə də rəngarənglik yoxdur. Sadə, təmiz bir ailəmiz olub - kolxozçu ailəsi. Namuslu, ləyaqətli, halal insanların övladı olmuşam: atam müharibədən əlil qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri işlədi. Sonra kolxoz dağıldı, bir neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç bacı, bir qardaş atalı-analı dünyamızın bəxtəvərliyini görmüşük... Sonra evin tək oğlu olduğuma görə hamının yükü mənim üstümə düşüb. Zəhmətə tez alışmışam.

14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gəlmişəm. Sovet hökumətinin asan-kəsən vaxtlarında bir nöqsanım belə olmayıb, əksinə, bütün mükafatları almışam.


Sonra da deputat oldum. 1990-cı ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlmirdi. Çünki sovet dövründə mağaza müdiri heç vaxt deputat ola bilməzdi. Kolxozçu, sağıcı, professor... deputat ola bilərdi, amma ticarətçi yox! Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər...

Qonşu kənddə tanıyan olmayıb məni, amma indi, şükür Allaha, dörd bir tərəfin hörmətini hiss edirəm...
Yaxşılığı da heç vaxt ona görə etməmişəm ki, məni deputat seçsinlər. Yaxşılıq mənim amalımdır...


Nə qədər sağam, İlham Əliyevin təbliğatı ilə məşğul olacağam

- Heç bir partiyanın üzvü deyiləm, amma YAP-ın dostuyam. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şah əsərlərindən biridir. Ulu öndər Heydər Əliyevdən hər zaman böyük diqqət və qayğı görmüşəm. Bu qayğının davamını Prezident İlham Əliyevdən görürəm. Bu, məni çox sevindirir, həm də çiynimə daha böyük məsuliyyət qoyur...

İlham Əliyev "Heydər Əliyev Akademiyası”nı qurtarıb, Heydər Əliyev kimi dahini görüb evinin içində... Hərdən fikirləşirəm ki, rəhmətlik Heydər Əliyev sağ olsaydı, bu gün ona baxıb haqlı olaraq qürur duyardı ki, özündən sonra xalq üçün yaxşı Prezident qoyub... Prezident İlham Əliyevin bu 15 ildə elədikləri - indi bir-bir sayım, saymaqla qurtarmaz ey... Bu işlər təkcə xalqın yox ey, dünyanın gözündədi...


Nə qədər sağam, İlham Əliyevin təbliğatı ilə məşğul olacağam. Onu yaxşı tanıdığıma görə. Hər zaman Prezidentimin dostuyam, əsgəriyəm... Bilirsiz, mən onu tanıyanda hələ Prezident deyildi. Biz 8 il "deputat yoldaşı” olmuşuq. Görürsən, kimsə 3 il əsgərlikdə olur, deyir, əsgər yoldaşımdır, 5 il institutda oxuyur, deyir, tələbə yoldaşımdır və s. Biz də 8 il Milli Məclisdə bir yerdə oturmuşuq. O boyda Heydər Əliyevin oğlu, o boyda Əziz Əliyevin nəvəsi... Onda o qədər səmimilik, sadəlik, mərdlik görmüşəm ki... Bu xalqın böyük himayədarı, mərhəmətli qayğıkeşidir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlığı qanından, genindən gəlir, atasından, babalarından gəlir. Heydər Əliyev kimi kişinin də gəlini olub. Mehriban xanımın tədbirlərinə baxıram, uşaqları, körpələri elə bağrına basıb öpür ki, heç doğma anaları onları elə öpməyib...


Heydər məscidinin Binəqədidə tikilməsi böyük etimaddır

- Qafqazın ən böyük məscidi olan Heydər məscidinin bizim rayonda, Binəqədidə tikilməsi də böyük etimaddır.

Allah Prezidentimizdən razı olsun. Prezident İlham Əliyevin tapşırığı ilə 2012-ci ilin sentyabrında Heydər məscidinin tikintisinə başlanıldı və 2014-cü il dekabrın 26-da açılışı oldu. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, ailə üzvlərinin məscidin açılışında iştirakı xalqımızın dini-mənəvi dəyərlərinə verilən qiymətdir...

Hər gün bu məscidin yanından keçəndə, onun möhtəşəmliyini görəndə sevinirəm. Bu məscid həm də Azərbaycanın inkişafını, milli, dini ənənələrimizə sadiqliyini nümayiş etdirir. Ölkəmizdə ilk vəhdət namazı da burada qılındı. Azərbaycan indi dünyada tolerantlıq örnəyi, multikulturalizmin mərkəzi kimi tanınır.


Adıma görə başımdan da keçərəm...

- 30 ildir Milli Məclisdəyəm, bura ilə bağlı o qədər xatirələrim var ki... Yaxşı tərəfini də, pis tərəfini də, satqınını da, etibarlısını da görmüşəm. Amma mənə qarşı hamı yaxşı olub, ağsaqqal, hacı kimi hörmət ediblər. Parlamentə öyrəşmişəm. Görürsən ki, dalbadal iclas olanda adam bir az yorulur, amma olmayanda da darıxır...

6 dəfə bir dairədən seçilmək, bu, bilirsiniz də, necə çətindir. Bu, mənim üçün böyük hörmətdir, bunu heç vaxt yaddan çıxarmaram. Mənim eyni ərazidən deputat seçilməyim insanlarla həqiqət üzərində qurulan münasibətimdir. Hər halda, 6 dəfə eyni dairədən təkrar seçilmişəmsə, demək, insanların mənə etimadı, inamı var.

Deputatın üzərinə hansı vəzifələr düşür, deputat nə edə bilər - bunu yaxşı bilirəm. Və hamısının da öhdəsindən gəlməyə çalışmışam. Həm də çalışıram ki, artıqlaması ilə edim...

Hələ ilk dəfə məsciddə mənim namizədliyimi irəli sürən zaman dedim ki, mən gedərəm, amma sonra deyəcəksiniz ki, qayıt dala, mən utanaram kənddə, eldə, obada. O zaman Sabit Bağırovla ikinci tura qaldıq, mənə daha çox səs verdilər və artıq 30 ildir Milli Məclisdəyəm. O da asan deyil ki, bu 30 ildə adını qoruyub saxlayasan...

Qədim türklərdə belə bir məsəl var. Deyir, nəyim var keçərəm, təki başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm. İnsan adı üçün yaşamalıdır.


Deyirlər ki, Madər danışmır, amma...

- Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib. Yaxşı, məntiqli, lazım olan yerdə danışmaq isə vacibdir. İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa...

Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də...
Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər...

Gərək o qədər savadın olsun ki, sətiraltı deyə biləsən

- Düşünürəm ki, parlamentə hər cür adam lazımdır. Hüquqşünas da, tarixçi də, iqtisadçı da, xətri, hörməti olan adam da, ağsaqqal da. Tutaq ki, sən Binəqədidən seçilmisən və ora gedəndə oradakı 3 nəfərdən ikisi ayağa durmursa, sən necə oranın deputatısan?! Dediyim odur ki, insanlarla işləməyi bacarmalısan.

Məsələn, 2008-ci ildə prezident seçkiləri vaxtı Xocasən kəndində ilk dəfə səs verəcək sakinlərlə görüş keçirirdik. Bir deputat yoldaşımız da başladı danışmağa ki, "de-yure” belə gəldi, "de-fakto” belə getdi, nə bilim, vertikal elə, horizontal belə... Sadə camaat da başa düşmür axı, bu, nə deyir, başladılar dağılışmağa. YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da orada idi, o mənə baxdı, mən də ona...

Və söz aldım. Dedim, ay camaat, həmkarım siyasətçidi, hüquqşünasdı, o, sözünü dedi, öz dilində dedi. İndi istəyirəm, mən də bir neçə kəlmə danışım, ancaq mən sizin biriniz kimi danışacam. Mən istəyirəm siftənizi kor etməyəsiniz, birinci dəfə səs verirsiniz, gedin İlham müəllimə səs verin, İlham Heydər oğlu Əliyevə. Bunu dediyimi gördüm, elə bil buz qırıldı, hamı başladı əl çalmağa...



Gərək insanlarla onların öz dilində danışasan...

Bu, savadla bağlı da bir şey deyil. Ola bilər ki, bir kitab belə oxumayan adam kütlə arasında elə danışsın ki, onu alsın ələ. Bax onun da öz siyasəti var. Savad da vacibdir, elə çıxmasın ki, o məndə yoxdur, bəyənmirəm. Ancaq ki, bir savad bütün məsələləri həll etmir.
Elm də var, helm də... Bunlar ikisi bir yerdə olanda lap yaxşı olur. Gərək o qədər savadın olsun ki, bu şeyləri sətiraltı deyə biləsən.

Hamıya "qardaşımsan, ağsaqqalımsan, böyüyümsən” demək olmaz

- Qəbul edə bilmirəm ki, bir adamın 60 yaşı var, 40 illik dostu yoxdu. Bəs sən niyə yaşamısan? 5 il biriylə, 3 il biriylə... Bu, dostluq deyil ki... Dost dediyin insan tamam başqa insandı. Öz payıma deyirəm, dostla gərək hər gün görüşməyəsən, dostda səhv axtarmayasan, yaxud gözləməyəsən ki, dostum mənim yolumda ölümə getsin... Dostum başqa səhv eləsə, çalışaram qaytarım düz yola, çünki dostu itirmək çox ağırdı. Amma əgər hansısa dostum dövlətimə, dinimə qarşı çıxsa, keçmərəm... Uzaqlaşaram ondan. Dostlarımdan biri deyir, dostunu tanıyan gün get qurban kəs, yoxsa sonra çətin olar. Dostluq edirsən, yol yoldaşı olursan, tanıyırsan və nəticə çıxarırsan ki, bununla hara qədər gedə bilərsən. Hər kəsin öz yeri olmalıdı, hamıya "qardaşımsan, ağsaqqalımsan, böyüyümsən” demək olmaz, fərq olmalıdı, insan özü fərqi görməlidi...

İnsan Allahın əmanətini saxlaya bilmirsə...

- Az yaşım yoxdur, bu həyatın keşməkeşli vaxtlarını, hakimiyyətin neçə dəfə dəyişdiyini, insanların hər dəfə özünü necə aparmasını, necə dəyişmələrini görmüşəm...

Baxıram ki, insanlar çox dəyişib... Babam 120 yaşında vəfat edib, zamanında ondan, atamdan, ağsaqqallardan eşitmişəm ki, heç aclıq dövründə də, müharibə vaxtında da belə olmayıb və insanlar nə qədər əziyyət çəksələr də, mənəvi dəyərlərini heç zaman itirməyiblər. Bəzən deyirlər ki, zaman o zaman deyil, amma mən bunu ağlıma yerləşdirə bilmirəm. Axı ana, ata, övlad, dost əvvəl də olub, indi də var. Bunun zəmanəyə nə aidiyyəti var?..

Bu gün boşanmaların bu qədər artmasının zəmanəyə heç bir aidiyyəti yoxdur ki... Hər xırda şeyə görə boşanmaq olmaz. Bir az da dərinə gedəndə baxırsan ki, bu boşananların elçiləri kim olub? Əvvəllər kənddə, eldə, obada seçilən adamları dəvət edirdilər, qızın "həri”sini o alırdı. İstər-istəməz oğlan da, qız da, valideyn də məsuliyyət daşıyırdı ki, biz qızımızı filankəsə vermişik. Ailə quran insan başa düşməlidir ki, mən evlənirəmsə, bunu kəbinlə alıram. Bu, Allahın əmanətidir sənə. Çox məəttələm ki, əgər bir insan Allahın əmanətini saxlaya bilmirsə, o, kimin əmanətini saxlaya bilər?! Bax bunun məsuliyyətini bilmirlər. Boşanmanı eləyiblər adi bir şey.

Əgər bu, zəmanənin günahıdırsa, Bakının kəndlərində, Azərbaycanın rayonlarında niyə şəhərdə olduğu qədər boşanma yoxdur?!


Kişi sözü...

- Yeniliyə qarşı deyiləm, ancaq yaxşı yenilik olsun. Demokratiya adı altında özbaşınalıq edirlər. Özündən böyüyə, vəzifəliyə hörmətsizlik edirlər, dövlətin əleyhinə danışırlar, amma bu, demokratiya deyil. Mən çox az, 2-3 ildən bir belə müsahibə verirəm və sonra görürsən ki, kiminsə xətrinə dəyir. Amma mən bunu kiminsə xətrinə dəyməyə görə demirəm...

Zəmanəni bu cür qəbul edə bilmirəm, mənim üçün çox çətindir... Sovet hökuməti dövründə 13-14 yaşımdan uzun müddət ticarətdə işləmişəm. İndi 20 yaşında uşağı gecə evdən bayıra buraxmırıq. Kənardan mal alıb gətirirdik, satırdıq. Bir kəlmə sözlə deyirdik ki, tutalım, Balakəndən mal götürəcəyik. Balakəndə kim var? Əli Ansurski. Onunla əlaqə saxlayırdıq, halbuki nə o məni, nə mən onu tanıyırdıq. Ancaq bilirdik ki, orada hörmətli adamdır. Bir kəlmə deyirdim ki, Əli, mən filankəsdən mal alacam. Deyirdi, sənə də cavabdehəm, ona da. İndi notariusdan, məhkəmədən kağız alırlar. O zaman isə bir dənə "sən öl, mən öl”, bir dənə kişi sözünə o boyda iş həll olunurdu...

Hamı mənim kimi, mən də hamı kimi ola bilmərəm...

- Yaşlı kişilər kəndin içində oturub söhbət edəndə cavan oradan keçməzdi. Mən özüm yaşlı adam görəndə əlimdəki siqareti gizlədirdim ki, deməsinlər bu cavanlar nə yaman həyasızlaşıb. İndi hansı uşağa bir söz deyə bilərsən?

Qaldı mənim özümə...

Hələ indiyə qədər övladlarım mənə əl verib görüşməyiblər. Adam var gündə oğlunu 5 dəfə görür, 5-ində də öpür. Yəni mən ona da pis baxmıram, amma bizdə belə olmayıb, atam da belə olub. Böyük övladımın artıq 50 yaşı var, mənə deməmiş övladına heç nəyə icazə verməz. Hansısa toya, ad gününə getməsi üçün mən də icazə verirəm, ancaq xəbərim olmalıdır...
Amma yenə də deyirəm ki, hamı mənim kimi, mən də hamı kimi ola bilmərəm, hər evin öz qayda-qanunu var...

Elə adam üçün elçi getmərəm...

- Narazılıq olanda, kimsə kiməsə qız alıb verəndə mənə də deyirlər. Amma mən elə adam üçün də elçi getmərəm ki, kiminsə uşağını bədbəxt etsin. Bizim Bakı kəndlərinin əvvəldən qaydası olub ki, əgər burada 10 min əhali varsa, onlardan 3 nəfər seçilir ki, müəyyən lazım olan şeyləri, haqqı, ədaləti tənzimləyə bilsin. Və o 10 min adamdan 9 mini həmin adamlara qulaq asır.

Mən bu gün də kənddə yaşayıram. Şəhərdə də evimiz var, amma heç vaxt kənddən çıxmamışam. Həm seçicilərimdən uzaq düşmək istəmirəm, həm də düzünə qalanda, özüm şəhərdə qala bilmirəm. 70 il bir evdə, həyətdə yaşayasan və oradan çıxmaq adama çətin gəlir. Baxmayaraq ki, tıxaclar olur, gələndə əsəbiləşirsən, müəyyən tədbirlərə gecikirsən, ancaq orada yaşayıram. Kənddə yaşamağın öz ləzzəti var, hamını tanıyırsan, özünü, babasını... Bir ailədir elə bil, xətir var, hörmət var.

Elə öz ailə üzvlərimizlə də bir yerdə yaşayırıq. Aramızı bir hasar ayırır. Hər gün 10 dəqiqə də olsa, gəlib mənə dəyirlər. Nəvələr də gəlir, bir gələndə sevinirəm, bir də gedəndə... Səs-küy salırlar, qışqırırlar, işdən gəlirsən, yorğun olursan... Bəzən domino oynayıram, amma nərdə hövsələm çatmır...

Musiqi məclisinin türfə əlamətləri var...

- Musiqi dinləməyi də xoşlayıram, xüsusilə də muğam mənə təsir edir. Ustad xanəndələri dinləyirəm. Ümumiyyətlə, yaxşı oxunan əcnəbi mahnılara da qulaq asıram. Meyxana isə bizim dədə-baba işimizdir və o da bir istedaddır.

Əliağa Vahid deyirdi:

Musiqi məclisinin türfə əlamətləri var,
İncə diqqətlə düşün, gör nə məharətləri var!
Musiqi zövqü Hülakülərə təsir etmiş,
Oxu tarixi, gör orda nə rəvayətləri var...

Bu gün də Bakıda çox yaxşı, hörmətli insanlar var. Mən Bakı kəndlərinin adət-ənənəsini, insanlarında gördüyümü çox yerdə görmürəm.
Bizdə Bakıda kənd toyları olurdu, gedib "palatka”da otururduq, inanın ki, xanəndə oxuyurdu, bir adam biri ilə söhbət etmirdi. Nə boyda xətir, hörmət var idi. Xanəndə qurtarana qədər bir adam durub getməzdi...



Yenidən bu ömrü elə bu cür yaşayardım...

- Həyatda bu yerə çatmışamsa, demək, bunu edən Allahdır. Yaxşı insanları, yaxşı kişiləri qarşıma çıxaran da odur, yaxşı adamların mənə qarşı münasibətlərini formalaşdıran da... Bu yaşımda da deyirəm ki, qazandıqlarımın hamısı bir Tanrımın köməyi, bir də əziyyətimin bəhrəsi ilə olub... Bu yaşımda yenə əminliklə deyirəm: gül-çiçəyə qərq olan yol insanı heç vaxt şöhrətə çatdıra bilməz.

Ömür ki var, bir fürsətdir, Tanrının bizə verdiyi möhlətdir. Bu ömürdə nəyəsə nail olanlar həyatda qazanan insanlardır. Çox yaşamaq öz əlimizdə deyil, adımızı yaşatmaqsa öz əlimizdədir. İnsan nəyin bahasına olur-olsun adını qorumalıdır, adını qoruya bilməyən insan deyil...
Geriyə baxanda həyatımda heç nəyi dəyişmək istəməzdim, təkcə yaxşılıqlarımın sayını artırardım...
Sadə, təmiz bir ömür yaşamışam.

Ömrümdən razı olmamağa haqqım yoxdur. Geri qayıtmaq mümkün olsaydı, bu ömrü elə bu cür də yaşayardım: sadə və namuslu...
Hacı Madər Musayev çox sayda mükafatlara layiq görülüb. Özü isə ən dəyərli mükafatını müstəqil Azərbaycanın "Şöhrət” və "Şərəf” ordenlərini hesab edir. Deyir, sağ olsun, möhtərəm Prezidentimiz İlham Əliyev əməyimi qiymətləndirdi. Bu diqqət çiynimə bir az da məsuliyyət qoyur.

Onun bir arzusu var: "İnsanlar heç kimə möhtac olmasınlar, ehtiyacı olana da əl tutmaq lazımdır. Mən özümdə qeyri-adi heç nə görmürəm, Tanrı bəndəsi belə olmalıdır. Ən xoşbəxt günüm kiməsə yaxşılıq etdiyim, kiminsə ehtiyacını ödədiyim gün olur...”