Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılması nəzərdə tutulan proses dünən təxirə salınaraq 2019-cu il martın 5-nə təyin olunub.
İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.X- ya qarşı əxlaqsız hərəkətlər edib.
İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə şagirdi İ.X –ya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.
Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə İ.X-nı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə İ.X-nı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.
Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxasov xidməti otağına çağırdığı şagirdi ilə seksual xarakterli hərəkətlər edən zaman məktəbin işçilərindən biri içəri daxil olub.
Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.
Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.