Şəmkir rayonunda bağçadan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi rayon polis şöbəsinə müraciət edərək gecə naməlum şəxs və ya şəxlərin gizli yolla daxil olaraq oradan 2 ədəd kompüter, 2 ədəd DVD və digər qiymətli əşyaları oğurladığını bildirib.
Bundan sonra Şəmkir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.