Bakıda intim münasibətdə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Murad Əhmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, Murad Əhmədov 2014-cü ilin sentyabrından tanış olduğu Tamara Məmmədova ilə intim münasibətləri yaranıb.
İntim münasibət
Daha sonra Murad Tamaraya məxsus Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən 71 saylı mənzilini 90000 manata satdırıb, əldə olunacaq məbləğdən 30000 manatı ona verməsini tələb edib. Tamara onun bu tələbinə etiraz edib.
Bu səbəbdən Murad Tamaraya məxsus külli miqdarda əmlakını əldə etmək məqsədilə onun şəxsiyyəti üzərində zorakılıq göstərib. O, 2014-cü ilin oktyabrından 2015-ci ilin oktyabrın 1-dək olan müddət ərzində dəfələrlə, təkrarən döyərək şəxsiyyəti üzərində zor göstərib, evi satmasını hədə-qorxu ilə tələb edib.
90 minlik mülkün davası
Lakin Tamara israrla Muradın evi satmasını tələb etməsindən boyun qaçırıb. Vəziyyəti belə görən Murad mənzilə sahiblik hüququnu əldə etmək niyyətini həyata keçirmək üçün Tamara ilə rəsmi nikah bağlamaqla mütəmadi bir yerdə yaşamağı təklif edib.
Amma Tamaranın bundan da qətiyyətlə imtina etməsini görüb. O, oktyabrın 1-də, saat 22 radələrində Tamaranın yaşadığı mənzilə gəlib və onu nikaha daxil olmağa məcbur etmək üçün şəxsiyyət vəsiqəsini götürüb, onunla birlikdə getməsini tələb edib.
Tamara buna etiraz etdiyini görən Murad onun tamah məqsədilə faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb, saxlamaq üçün həmin mənzilin mətbəxindən bıçağı götürüb.
Zorla nikaha girmədi, amansızcasına döydü
Daha sonra Tamaranın boğazına bıçağı dirəyib və onunla getməyəcəyi halda öldürməklə hədələyib. Tamara Muradın hədə-qorxusunun real ola bilcəyini düşünüb və birlikdə mənzilindən çıxıb.
Murad taksi ilə Tamaranı özünün yaşadığı Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki evinə gətirib. Orada saat 23 radələrində Tamaranın rəsmi nikaha daxil olma barədə onun tələbini rədd etməsinə görə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ayaq zərbələri vurub.
Sevdiyini də, saxladığını da girov götürdü
Bundan başqa, Bülbülə qəsəbəsində Murad tərəfindən oktyabrın 1-də Tamaranı oğurlaması barədə həmin ünvanda birgə yaşadığı Lamiyənin hüquq mühafizə orqanlarına, habelə sonuncunun yaxın qohumlarına məlumat verməməsi üçün evdən çıxmasının qarşısını almaq qərarına gəlib.
Bu məqsədlə Murad Lamiyəni də Tamara ilə birlikdə oktyabrın 1-dən 6-na kimi Bülbülə qəsəbəsindəki evində girov saxlayıb.
Saxladığı qadına kəllə atdı
Daha sonra 2016-cı ilin martın sonlarında Murad yaşadığı Bülbülə qəsəbəsindəki evində Lamiyəni Tamara ilə münasibətlərinin pozulmasında səbəbkar hesab edib. O, Lamiyədən qisas almaq üçün başı ilə onun baş nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən Lamiyə karlaşma ilə müşayiət olunan xəsarət alıb.
7 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Murad Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 176-1.1-ci (qadını nikaha daxil olmağa məcbur etmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (adam oğurluğu, göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
12 illik hökm edildi, bəraət istədi, cəza 11 il oldu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Murad Əhmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Murad Əhmədovun apelyasiya şikayəti qismən təmin edilib, onun cəzası 11 ilə endirilib.
Bu qərardan narazı qalan Murad Əhmədovun kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Murad Əhmədovun kasasiya şikayəti təmin olunmayıb.