İsmayıllı Rayon Polis Şöbəsinə rayonda fəaliyyət göstərən  istehsal müəssisələrinin birindən  fevralın 12-də  daxil olmuş müraciətdə   ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında  RPŞ-nin əməkdaşları tərəfindən oğurluq edən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış  tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində  həmin hadisəni törədən şəxslərin  Göyçay rayonunun Qarayazı kənd sakinləri  Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov , həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini  Hüseyn Cəbiyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla  həmkəndlilər Ə. Talıbov və S. Abbasovun ötən ilin aprel, may və dekabr  aylarında həmin müəssisənin anbarına 5 dəfə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 12min manata yaxın  müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib.  Bundan əlavə Ə. Talıbov , S. Abbasov və H. Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabr ayında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurladıqları məlum olub.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qohumlar Ə. Talıbov, M. Talıbov və həmkəndliləri S. Abbasovun  bu ilin yanvar ayının 1-də  həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb.  Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.

Faktlarla bağlı  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırma aparılır.