Salyanda kürəkən qayınatasına məxsus qaramal cinsli heyvan oğurlayıb.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə müraciət edərək, ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rəhimov Rabil Qəribağa oğlu, tanışı - Lerik rayonunun Züvüç kənd sakinləri Quliyev Müşfiq Şirməmməd oğlu və qardaşı Quliyev Xoşbəxt Şirməmməd oğlu Masallıda heyvan bazarında oğurladıqları qaramalı satmaq istəyərkən saxlanılıb.
İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.