Dövlət əmlaklarının özəlləşdirilməsində təmin edilən şəffaf mühit vətəndaşların açıq hərraclarda iştirak marağını artırır. Müxtəlif iqtisadi sahələrə aid, fərqli qiymət intervalında olan cəlbedici dövlət əmlaklarının hərraca çıxarılması iştirak etmək istəyənlərə geniş seçim imkanları vəd edir. Sadə prosedurlar investorların onlayn formada hərraca qoşularaq seçdiyi dövlət əmlakını vaxt itirmədən elə olduğu məkandan özəlləşdirməsini mümkün edir.
Unikal.org xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 fevral tarixində növbəti hərrac keçirildi. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri, yarımçıq tikili aiddir. Özəlləşdirmədə iştirak edən şəxslərdən 4-ü seçdiyi dövlət əmlakları üzrə sifarişi elektron formada vermişdir.
Yeni biznes imkanları təklif edən kiçik dövlət müəssisələri paytaxtda və Gəncə şəhərində yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi ünvanındakı ticarət obyektinin ümumi faydalı sahəsi 90.5 kv.m-dir. Adıçəkilən dövlət əmlakına müxtəlif iqtisadi sahələr üzrə sərmayə qoyulması onu investor üçün gəlirli fəaliyyətə çevirə bilər. Gəncə üzrə özəlləşdirilən kiçik dövlət müəssisəsinin isə ümumi faydalı sahəsi 56 kv.m-dir. Nizami rayonu, Yeni Gəncə qəsəbəsindəki bu dövlət əmlakını investor 5 min 500 manata özəlləşdirdi.
Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Özəlləşən dövlət əmlakları üzrə ən yüksək- 169.2 kv.m ümumi faydalı sahəsi olan obyekt Yasamal rayonu, Ə.Cəmil küçəsindədir. Hərrac iştirakçısının 15 min manata özəlləşdirdiyi dövlət obyekti isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Bu qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 77.7 kv.m-dir. Cəlilabad rayonu, Maşlıq kəndində yarımçıq tikili 12 min 556 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 26-sı keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 119 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 6-sı yarımçıq tikili, 37-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.