Daşınmaz əmlakın qeydiyyatında kütləviliyin artırılması, vətəndaşların, o cümlədən, çoxmənzilli bina sakinlərinin rahatlıqla hüquqi cəhətdən təsdiq edilmiş mülkiyyətə sahib olması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən sistemli tədbirlər çərçivəsində Komitə yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında olan mənzil sakinləri üçün ünvanlardaca çıxarış kampaniyasının keçirilməsini genişləndirir. Bakı şəhəri ilə yanaşı regionları əhatə edən sosial kampaniyalar əhalinin xidmətlərdən geniş, çevik formada istifadəsinə və məmnunluğun artırılmasına yönəlib. “Kütləvi çıxarış” kampaniyası da məhz bu amala xidmət edir. Kampaniya sayəsində, yeni yaşayış binalarında, kənd və qəsəbələrdə, eləcə də birbaşa iş yerlərində vətəndaşlar çıxarışla təmin olunur, onlara qeydiyyat xidmətləri göstərilir.
Unikal.org xəbər verir ki, növbəti belə kampaniya fevralın 20-də Yasamal rayonunda yerləşən 1 bloklu, 5 mərtəbəli, 30 mənzilli yeni yaşayış kompleksində keçirildi. Sosial aksiya çərçivəsində binanın bütün yeni mənzil sahiblərinə çıxarışlar təqdim olundu. Səyyar kampaniya vətəndaşlara çıxarışların təqdim olunması ilə məhdudlaşmadı. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və bu istiqamətdə hüquqi yardımın göstərilməsi üzrə xidmətlərdən 50-yə yaxın vətəndaş istifadə etdi. Qeydiyyat prosedurları, tələb olunan sənədlər və vətəndaşları maraqlandıran digər suallar cavablandırıldı. Bildirildi ki, mənzillərinə çıxarış əldə etmək istəyən vətəndaşlardan yalnız dövlət rüsumu və xidmət haqqının ödənilməsi tələb olunur. Onlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə əvvəlcədən onlayn şəkildə ödəyəcəyi məbləğlə tanış ola bilər.
Çoxmərtəbəli binalarda “Kütləvi çıxarış” kampaniyaların keçirilməsi ilə mənzillərin qeydiyyata alınması prosesi sürətlənir. Çıxarışlı mənzil sahibi olan hər bir vətəndaş ondan rahatlıqla iqtisadi və hüquqi əməliyyatlarda istifadə edir. Bəzən vətəndaşlar mənzil aldıqdan sonra çıxarışın olub olmaması ilə bağlı problemlərlə qarşılaşır. Bunun qarşısının alınması və vətəndaşların dövlət reyestrində qeydiyyata alınmış mənzilə sahib olması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti mövcuddur. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı bu xidmət vətəndaşa mənzilə dair çıxarışın olub olmaması ilə bağlı dəqiq məlumat verir.