Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, Belə ki, Ukrayna Respublikası vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Ukrayna Respublikası Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman "Renault" markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan "kişmiş" yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, xüsusi düzəldilmiş yerdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd yastı dördkünc formalı bağlama aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.