Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda vergi ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Artıq bununla bağlı, vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, vergi ombudsmanı institutu xarici ölkələrdə vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur model olaraq tətbiq olunur və uğurlu nəticələri vardır. Vergi məsələləri üzrə ombudsmanın fəaliyyətinin başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə kömək göstərməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV daxil

olmaqla, hər hansı bir mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.

Beynəlxalq təcrübəyə əsasən, vergi ombudsmanı vergi orqanları və vəzifəli şəxslərdən məlumat, sənəd və materiallar almaq, sahibkarların müraciəti və razılığı əsasında vergi yoxlamasında iştirak etmək, sahibkarların hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran vergi orqanlarının qərarlarının icrasının dayandırılmasına dair nazirliyin aidiyyati departamentlərinin rəhbərlərinə vəsatətlə çıxış etmək səlahiyyətinə, habelə biznes subyektlərinin şikayətlərinin hərtərəfli və obyektiv baxılması üçün əlavə ekspertləri cəlb etmək hüququna malikdir.

Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qoruyan strukturdur. Belə bir qurumun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminə bir neçə baxımdan fayda verəcəkdir. İlk növbədə, vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması baxımından aparılan işlərə öz töhfəsini verəcək, onların işini yüngülləşdirəcəkdir. Eyni zamanda, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki vergi ombudsmanının cəmiyyətdə böyük nüfuzu və peşəkarlığının olması ona inamı artırır. Dövlətin özünün bu qurumun mütəxəssislərindən gözləntiləri çoxdur və onun verdiyi rəyə hörmətlə yanaşılır. Bu təşkilatın əməkdaşları ilə vergi ödəyiciləri arasında ünsiyyət dərin olduğundan onların üzərinə böyük məsuliyyət düşür. Ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün onların məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə də malikdir.

Hazırda vergi ombudsmanı institutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.