Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Unikal.org xəbər verir ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir. AZƏRTAC bununla bağlı Birinci vitse-prezidentin Vətəni və xalqı qarşısında xidmətlərini bir daha xatırladır, məhsuldar və zəngin fəaliyyətinin diqqət çəkən bəzi məqamlarına nəzər salır.

Ötən iki ildə Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoydu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və inşa olunan binalar keyfiyyət standartlarına tam cavab verməlidir. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu.

Çox keçmədən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyuldu. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verildi. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Bir qədər sonra Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda yeni binaların istifadəyə verilməsi ilə daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı. Bu, Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür.

Bütün bunlara görə də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı. Bundan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva deyirdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Elə bu məramla da özünün ömür kitabını yazır, hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli sətirlərlə zənginləşdirir. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.

Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır. Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. Hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək.