ATV telekanalının əməkdaşlarının Şamaxıda yerləşən restoranda döyülməsi xəbərləri ilə bağlı qalmaqal davam etməkdədir.
Unikal.org xəbər verir ki, "Kaspi" qəzeti baş vermiş qalmaqal haqda mütəxəsislərin rəyi də əlavə edilməklə məqalə hazırlayıb. Yazıda bildirilir ki, baş verənlərə münasibətdə ikitirəlik müşahidə olunur. Ona görə ikitirəlik ki, verilişin aparıcısı kimi düşünən, onlara dəstək olanlar da var, əksinə, bu cür davranmağın jurnalistin peşə etikasına zidd olduğunu deyənlər də. Bəziləri düşünür ki, müzakirə mövzusu sağlamlığımızdır, biz nə yediyimizi bilməliyik, mətbəxdəki durumdan xəbərimiz olmalıdır. Bir qisim isə jurnalistin səlahiyyət həddini aşdığını nəzərə çatdırır, belə halların yolverilməz olduğunu qeyd edir. Bəs bu cür məqamlarda davranışlar necə olmalıdır, sözün hər iki mənasında "yoxlama"nı necə aparmaq lazımdır, "qızıl orta"nı saxlamaq üçün nələrə diqqət edilməlidir?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli "Kaspi"yə açıqlamasında dedi ki, cəmiyyət üçün təhlükə törədən neqativ halları araşdırmaq, bu barədə təfsilatlı məlumat hazırlayıb yaymaq jurnalistin vəzifəsi və hüququdur. Bu baxımdan, ATV əməkdaşları haqlıdırlar: "Çünki onlar vəzifələrini icra edib antisanitar şəraitlə insanları təhlükəyə atan obyektlər barədə material hazırlamaq istəyiblər. Digər tərəfdən, istənilən halda, jurnalistə qarşı zorakı davranmaq olmaz, ona xəsarət yetirmək, kamerasını sındırmaq hüquqi dövlətdə qınanılan, pislənilən, yolverilməz haldır. Kiminsə jurnalistin əməlindən narazılığı varsa, bunun üçün üz tutulmalı olan qurumlar var. Məsələni hüquqi müstəvidə həll etmək olardı. Bu məqam da ATV əməkdaşlarını haqlı çıxardır, onlara qarşı törədilən əməlin pislənməsini şərtləndirir. Amma işin digər tərəfi, jurnalistin öz fəaliyyətini peşə etikası prinsipləri çərçivəsində, hüququn yol verdiyi vasitələrlə yerinə yetirməsidir. Jurnalistin informasiya alması formaları həm qanunlarda, həm də peşə kodeksində, təlimatlarda çox aydın şəkildə izah edilir. Jurnalist olmaq, hər şeyi istədiyin kimi edə bilmək anlamına gəlməməlidir. Yayılan məlumatlarda ATV əməkdaşlarının daxil olduqları obyektlərdə davranış prinsiplərini pozmaları barədə məqamlar var. Bunlar ziddiyyətli məsələlərdir və dərindən araşdırılmalıdır. Bütün bunları nəzərə alaraq, Mətbuat Şurası Baş Prokurorluğa müraciət edib ki, məsələ araşdırılsın və hüquqi ölçü götürülsün. Yəqin ki, hüquq mühafizə orqanları əllərində olan imkanlardan istifadə edib məsələyə obyektiv qiymət verəcəklər".
CASCFEN sədri, media eksperti Azər Həsrətin fikrincə isə heç bir KİV təmsilçisi istədiyi anda istədiyi iaşə obyektinin mətbəxinə soxula bilməz: "Heç bir Avropa ölkəsində belə hal yaşana bilməz. Buna görə jurnalist həm cəzalandırıla, həm də işindən atıla bilər. Yəni, belə bir hərəkətinə görə ona heç kim "çox sağ ol" deməyəcək. O jurnalisti məkandan zorla uzaqlaşdıranlara qarşı da heç bir tədbir görülməz. Çünki söhbət özəl mülkiyyətdən, mülkiyyətin ərazisinə qəfil daxil olmaqdan gedir. Düzdür, bu məsələdə jurnalistə qarşı zorakılıq faktı var, biz təbii ki, buna təəssüf edirik. Amma ona da təəssüf edirik ki, jurnalistlər bəzən özlərini hər şeyin ağası hesab edirlər. Elə həmkarlarımız var ki, jurnalist vəsiqəsi daşıdıqlarına görə düşünürlər ki, istədikləri vaxt istədikləri yerə daxil ola, çəkiliş apara bilərlər. Halbuki onların belə bir səlahiyyətləri yoxdur, onlara bu cür haqq tanınmır. Mən özüm müəyyən qədər imkanları olan jurnalistəm və kifayət qədər əlaqələrim var. Amma yol polisi maşınımı saxlayanda vəsiqəmi çıxarıb göstərmirəm. Bəzi həmkarlarımız hər yerdə, hər addımda jurnalistikanın imkanlarından sui-istifadə etməyə çalışırlar. Bu hadisədə iki tərəf var. Bir tərəfdən, jurnalistin ictimai maraq kəsb edən məlumatları toplayıb ictimaiyyətə təqdim etmək istəyi var, ikinci bir tərəfdən, özəl mülkiyyət sahibi olan obyekt sahibinin və ya onu işlədənlərin jurnalistlərin hərəkətlərinin qarşısını almaq cəhdi var. Əgər jurnalistlər ora daxil olarkən obyekt rəhbərindən izin almayıblarsa, oradan qovulduqlarına görə obyekt sahibini qınamağa heç kimin haqqı yoxdur".
Müsahibimiz hesab edir ki, telekanal əməkdaşları obyekt sahibindən izin aldıqdan sonra mətbəxə daxil olublarsa və bu zaman zorakılığa məruz qalıblarsa, fiziki hücum edənlər cəzalandırılmalıdırlar: "Jurnalistlər icazəsiz mətbəxə daxil olmamalı idilər. Biz media təmsilçiləri olaraq təmkinli davranmalıyıq və çox zaman bunu bacarırıq. Peşəmiz də bizə bunu öyrədir. Amma bu cür obyekt işlədən şəxslərin hamısının təmkinli davranmasını tələb edə bilmərik. Bəzən o adamlar media ilə münasibət qurmağı bacarmır, çətinlik çəkir və özlərindən çıxırlar. Bəzən jurnalistlər də onların naşılığından istifadə edərək həmin şəxsləri bu cür davranmağa təhrik edirlər və belə hallar baş verir. Düşünürəm ki, veriliş ətrafında baş verənləri daha ayrıntılı şəkildə araşdırmaq lazımdır. Əgər orada jurnalist etikasına zidd hərəkətlərə yol verilibsə, həmin media qurumu öz jurnalistləri ilə bağlı tədbir görməlidir. Mən videolara baxmışam, düşünürəm ki, o zorakılıq deyil. Sadəcə olaraq, obyekt sahibi jurnalistləri öz restoranından bayıra çıxarmaq istəyir ki, buna da tam haqqı çatır. Heç kim ona qarşı iddia qaldıra bilməz".
A.Həsrət onu da bildirdi ki, "qızıl orta"nı tapmaq üçün sadə çıxış yolu var: "Bayaq Avropa ölkələrini nümunə gətirdim. Həmin jurnalistlərə sual verirəm - siz dəbdəbəli yerlərin mətbəxlərinə bu cür daxil ola bilərsinizmi? Bunu edəcək qədər cəsarətiniz varmı? Sizi dərhal həmin məkanlardan bayıra atarlar. Hansısa kənddə yerləşən kafeyə girib oranı işlədənlərin naşılığından və ya imkansızlığından istifadə etmək olmaz. Qəfil girib problemləri aşkara çıxarmağın marağındadırlarsa, Bakının müxtəlif şadlıq saraylarına gedib mətbəxlərini, oradakı vəziyyəti göstərsinlər. Hər gün toylarda bizə kim bilir nələr yedizdirirlər. Məsələ ondadır ki, jurnalist tərəfsiz və qərəzsiz olmalıdır. Jurnalist işıqlandırdığı obyektlərə fərq qoymamalıdır. Amma bunlar yoxlamanı kasıb-kusubun obyektlərində aparırlar. Bu cür məqamlar başqa məsələlərdən xəbər verir. İkinci bir tərəfdən, heç kim heç bir iaşə obyektinin mətbəxinə qəfil daxil ola bilməz. Çünki iaşə obyektinin mətbəxi xüsusi qorunan ərazidir. Ora daxil olmaq üçün rəhbərliyə əvvəlcədən xəbər verilməlidir və bunun üçün müvafiq işlər görülüb şərait yaradılmalıdır. Bundan sonra istər jurnalist, istərsə də başqaları mətbəxə daxil ola bilər. Əlbəttə ki, hər yoldan ötən obyektin mətbəxinə daxil ola bilməz. Amma jurnalisti maraqlandıran suallar varsa, cavablarını mətbəxdə tapmaq istəyirsə, bunun üçün müvafiq şəkildə obyekt sahibindən icazə almalıdır. Bunlar bunu etmədən ora gediblərsə, obyekt sahibi də onları oradan zorla çıxarıbsa, onun buna haqqı çatır".
Bilməyənlər üçün qeyd edək ki, telekanalın əməkdaşları veriliş hazırlamaq üçün Şamaxıda yol kənarında yerləşən iaşə obyektlərindən birinə yollanıblar. Onların orada çəkiliş aparması isə restoran rəhbərliyinin narazılığına səbəb olub və telekanalın əməkdaşları məkandan zor tətbiq edilməklə kənarlaşdırılıblar. Bu zaman telekanal əməkdaşlarından bəziləri xəsarət də alıb və yaranan vəziyyətlə bağlı polisə müraciət ediblər.
Başlarına gələni "ATV xəbər"ə danışan verilişin aparıcısı Azər İsmayılov deyib ki, sahibkarın bu cür davranmasına səbəb restorandakı antisanitar vəziyyət olub: "10 dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri kənarda dayanıb bizi izlədi. Biz mətbəxin çirkli yerini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı. Biz kamera ilə mətbəxə girir, qidaların keyfiyyəti, təmizliyi ilə maraqlanırıq. Hər bir insan getdiyi restorandakı mətbəxin vəziyyətilə bağlı məlumat almalıdır".