Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, müvafiq rayonların İcra Hakimiyyətlərinin rəsmiləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Cəbhəyanı rayonlarda da müvafiq şəxslər üçün mənzil tikintisi uğurla həyata keçirilir. Bu işlərin davamı kimi, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, Ağcabədi rayonunda 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə bu rayonların hər birində daha 4 ədəd fərdi yaşayış evi həmin insanlara təqdim olunur.