Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyuta və zərgərlik məmulatlarının ölkə ərazisindən çıxarılmasının qarşısını alıb.
Unikal.org Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə Respublikası vətəndaşının əl çantasına rentgen aparatı ilə baxış keçirilən zaman gömrükçülər monitorda zərgərlik məmulatlarına bənzər təsvirlər müşahidə edib. Yoxlama zamanı çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməyən, bəzilərinin üzərində qaşlar olan 8 cüt sırğa, 9 ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd qolbaq aşkar olunub.
Bundan sonra sərnişinin üzərində şəxsi yoxlama aparılıb və onun alt paltarının içindən gömrük nəzarətindən gizlədilən 100 ədəd hər biri 500 Avro nominalında pul əskinasları olmaqla, cəmi 50000 avro aşkar olunaraq protokol əsasında götürülüb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininı ekspert arayışına əsasən, aşkar edilən məmulatların metalı 750 əyarlı qızıl, ümumi çəkisi 415,44 qram, qaşları isə brilliantdır. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.