Azərbaycan prezidenti İlham Əliyev iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.
Unikal.org apa-ya istinadən məlumatına görə, Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirib.
Dövlət başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb. Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan prezident İ. Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib.
Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirib.